“Kupçasatan” Kərəm Həsənovun nədən yeni formalaşan Prezident Administrasiyası komandasına gətirildiyini bilirsiniz? Adı uzun illərdir ən böyük torpaq maxinasiyalarında hallanan, bu biznes işindən böyük milyonlar qazanan komitə sədrinin belə yüksək etimada layiq görülməsinin səbəbi nədir, sizcə? Adı bu qədər çirkli işlərin içində yer alan adamı həbsxanaya göndərmək əvəzinə, prezidentin köməkçisi vəzifəsinə təyin etmək nəyin mükafatı idi? Cavab sadədir, Həsənov son 14 ildə Əliyevlər cütlüyünə “sədaqətini” can-başla sübuta yetirib. Amma, Həsənov Fərhad Əliyevə də “sadiq” idi. Axırda da onu “sataraq torbasını özü tikdi.” Ölkədə boş torpaq sahəsi qoymayıb, hamısını onların, Əliyevlərin, dedikləri şəkildə sənədləşdirib lazımı adamların adına keçirib. Böyük məmurların və sahibkarların əlindən alınan gəlirli obyektlərini Əliyevlər ailəsinin adına özəlləşdirməkdə də onun müstəsna xidmətləri var. Ən başlıcası, bu illərdə Həsənovun ən böyük qazancı “kupça” biznesi ilə bağlı olub. Adam bu biznesdən, bəlkə də, milyardlarla pul qazanıb və şübhəsiz ki, onu təkbaşına yeməyib, böyük hissəsini hakim ailənin özünə ötürüb. Bakıda torpaq alıb ev tikməyin neçəyə başa gəldiyini bilirsiniz. İnsanlar çox zaman evin tikintisinə sərf etdikləri vəsait qədər “kupça”ya xərc çəkirlər. Şübhəsiz, bu pulu verməyə vətəndaşların böyük əksəriyyətinin imkanı çatmır. Elə bu üzdən də Bakı şəhəri sənədsiz evlərlə doludur. Mətbuatın yazdığına görə, Həsənov paytaxt rayonlarında sənədsiz evləri ərazilərə bölərək hər əraziyə uyğun “qiymət” qoyubmuş. Məsələn Binəqədi, Sabunçu, Suraxanı, Abşeron, Xəzər rayonlarının qəsəbələrində “kupça”nın qiyməti 3-5 min manat arasında, rayon mərkəzlərində 5-8 min manat arasında, paytaxtın mərkəzi rayonlarında isə 30 min manat arasında dəyişir. Kərəm Həsənovun bu pulları kimlərlə paylaşdığı məlum. Elə onu bu səbəbdən yuxarı başa çəkib, özlərinə köməkçi təyin ediblər. Həsənov bundan sonra Əliyevlər cütlüyünə çox lazım olacaq.
Hakim ailənin “sadiq” xidmətçisi Kərəm Həsənov sədrliyi dövründə özü üçün də yaxşı gün ağlamağı bacarıb. Onun dəyəri yüz milyonlarla ölçülən böyük obyektlərinin, mülklərinin, mənzillərinin siyahısı dəfələrlə mətbuatda dərc edilib. O, haram pullarının böyük bir hissəsini həmin “kupca” biznesi sayəsində qazanıb. Bundan başqa, Komitə sədrinin adı zaman-zaman ən qaranlıq işlərin içində hallanıb. Amma gizli bir əl hər zaman onu qoruyub. Üstəlik, 2010-cu ildə qardaşı, “AZİNKO Holdinq”in rəhbəri Malik Həsənovu Milli Məclisə deputat təyin etdirib. O ərəfədə də hamıya mesaj verib ki, əli çox yuxarılardadır. Onun mesajı doğru imiş. 5 il ərzində “ümumi kotyol”dan maliyyələşdirilən Çernoqoriya, Monteneqro, Bolqarıstan, Dübay, Almaniya və Çexiyada reallaşdırılan bütün layihələrdə maliyyələşmə və xərclərə nəzarəti də ona tapşırıblar. Həmin ölkələrdə daşınmaz əmlak alınması ilə birbaşa o məşğul olmağa başlayıb. Nəyi, harda, necə qazandığı ilə bağlı da onu heç vaxt sorğulayan olmayıb. Çünki oğruların hər zaman öz şəriklərini müdafiə etmək ehtiyacları var. Quldurluq qanunlarının hökm sürdüyü, xəyanətkarların başa çıxdığı, cinayətkarların cəzalanmadığı ölkədə, ədalət gözlənəcək kim qalıb ki?