![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2019/12/IMG-20191216-WA0025.jpg)
Hələ vaxtsız buraxılan parlamentin xatirələrindən çox danışacağıq. Zarafat deyil, dörd il orda yaşanan komik hadisələrlə əyləndik, deputat macəralarını sosial şəbəkələrdə müzakirəyə çıxarıb onlarla deyib-güldük. Dinlədik, dartışdıq, məsxərəyə qoyduq və dörd ilin də necə gəlib-keçdiyini hiss etmədik. Bu parlament həm də iyirmi beş illik deputatların “möhtəşəm” çıxışları, “aforizmləri”, “heyrətamiz” təklifləri ilə yaddaşlarda qalacaq. Sizcə, parlamentin 77 yaşlı deputatı Xanhüseyn Kazımlının o məşhur çıxışını necə unuda bilərik? Unudulan çıxışdırmı? Heç dünyanın parlament tarixi belə deputat çıxışı eşitməyib. Təkrar xatırlayaqmı? Xatırlayaq, bir az gözünüz, könlünüz açılsın. “Ona görə də deməli əgər 15 il sonrakı 15 faizdən artıq olarsa büdcənin deməli kəsiri dövlət büdcəsinin boşalması onda büdcə kəsiri deməli…əgər dünyada gedən proseslər belədirsə Azərbaycanı niyə qınamaq olur. Azərbaycanın hər yerdə bütün insanlar Azərbaycana gəlməkdən ötəri cəhd göstərir. Ona görə də, bəlkə də 1930-cu ilin əgər 194 yerdən…194-cü yerdən ABŞ 74-cü yerə düşübsə iqtisadçıların hesablamalarına görə 2020-ci ildə düşübsə deməli bu o deməkdir ki, ABŞ-ı 1930-cu ilin böhranı gözləyirdi…” Yalnız bu çıxışa görə Xanhüseyn müəllimi “ilin natiqi” nominasiyasının qalibi elan etməyə dəyər, yoxsa yox? Bəli, biz də heç tərəddüd etmədən bu ada onu layiq gördük.
Xanhüseyn Kazımlı Əliyev hakimiyyətinin 19 illik deputatlarından biridir. Qocaman müəllim bu məktəbin məzunu, bu rejimin yetirməsidir. Üstəlik, prezident seçkilərində də lideri Heydər Əliyevin rəqibi olub. İlham Əliyevin yaşı yetmişi ötmüş məmurlara könüllü istefa çağırışı etməsindən əvvəl Kazımlı mətbuata açıqlamasında təkrar deputat olmaq arzusunu bildirmişdi. Amma buna şansının yüksək olmadığını da gizlətməmişdi. Görünür, qocaman deputat Biləsuvar camaatının onun əlindən qəzəbli olduğunu yaxşı bilir. Çünki adam 2010 və 2015-ci illərdə seçicilərinə bir çox vədlər verib, o gedən, gedib. Seçiciləri bildirib ki, 8 ildə deputatı rayonda 8 dəfə də görməyiblər. Adam son seçki kampaniyasında belə gedib seçiciləri ilə görüşməyi lazım bilməyib. Prezidentin məlum çağırışından sonra Xanhüseyn müəllim parlamentə namizədliyini irəli sürəcəkmi, bilmirik. Amma sosial şəbəkələrdə rekord qıran o unudulmaz çıxışından sonra təkrar parlamentə qayıtmasını arzulayardıq. Yoxsa onun boşluğunu kim dolduracaq? Elə tarixlərə düşəcək çıxışı kimdən eşidəcəyik? Kimin natiqlik məharəti bu qədər dillərə düşüb gündəm yaradacaq? Əlqərəz, Xanhüseyn müəllimi yenidən parlamentdə görmək istəyirik. Yerinə gələn ondan yaxşı olmayacaq ki.