İki gün əvvəl sosial şəbəkələrdə belə bir video yayılıb. Zaqatala rayonunun “Bazarstore” mağazasında DSX-ya məxsus yumurta qutularının satıldığı göstərilir. Ölkənin tanınmış müxalifətçi xanımlarından biri Gözəl Bayramlı FB səhifəsində bu məlumatı paylaşaraq belə bir başlıq yazıb: “DSX rəisi Elçin Quliyev əsgərlərə aid ərzaqları “Bazarstore”lərdə satdırır. Nə məsələdir, bəlkə əli aşağır?” Rəisin kasıblaşma xəbəri doğru ola bilər. Yoxsa qosqoca sərhəd xidməti rəisi dövlətin əsgərə ayırdığı yumurta payına möhtac qalıb, niyə yumurta alverinə girişsin ki?
Axı onun obyektində bütün zamanlarda böyük alverlər gedib. Məsələn, iki il əvvəl Gürcüstanda 3 ton narkotik tutulanda məlum olmuşdu ki, onu sərhəddən Quliyevin xidmətçiləri keçirib. Dəyəri milyonlarla ölçülən qızıl, brilyant, pul çantaları tutulanda da həmçinin. Bu hələ ortaya çıxan faktlardır, ört-basdır edilənləri də özünüz düşünün. Demək istədiyimiz o ki, Quliyev böyük ticarət adamıdır. Özü də illərdir təkcə mal satmır, yeri gələndə böyüklərinin sifarişi ilə adam da satır. Elə Əliyev hakimiyyətinin ən kəskin tənqidçilərindən biri olan Gözəl Bayramlının çantasına sərhəd məntəqəsində 12 min dollar pulu da o atdırıb həbs etdirmişdi. Xülasə, o, hakim komandanın başqa üzvləri kimi tutduğu yüksək posta alverçi təfəkkürü ilə baxanlardan biridir. Öhdəsinə düşən mühüm vəzifələri layiqincə yerinə yetirmək əvəzinə, tarixi günlərdə şou göstərərək özünü gözə soxmağa çalışır. Bu ilin iyun ayında adamın 5 km-lik bayraqla göstərdiyi şounu xatırlayırsınız yəqin. Rəsmi məlumatda deyilirdi ki, 5100 metr uzunluğu olan Azərbaycan bayrağı hər il iyunun 15-də qeyd olunan Qurtuluş Günü şərəfinə hazırlanıb. Elçin Quliyevin başçılığı ilə 5000 nəfər general və zabitin daşıdığı uzun bayraq, bundan sonra da hər gün o tarixdə düzənlənən yürüşdə sərgilənəcək. Müşahidəçilərin hesablamalarına görə, bayrağın hazırlanmasına təxminən 140 min manat xərclənib.
Bəli, bir sərhəd xidməti rəisinin işi şou çıxarıb hakimiyyət başçısına yarınmaq üçün 140 min manatlıq bayraq düzəltdirmək deyil. Onun işi ölkənin müdafiəsində kilid məsələ olan sərhədləri layiqincə qorumaqdır. Yaxın tarixdə Gürcüstanla sərhəddə yaşanan hadisə sübuta yetirdi ki, bu adamlar sərhəd təhlükəsizliyinin nə demək olduğunu yaxşı anlamırlar. Keşikçidağ məbədi ətrafında illərdən bəri davam edən mübahisə bu biabırçılığın kulminasiya nöqtəsi idi. Sərhəd toxunulmazlığı deyilən qanunda kimsəyə güzəşt edilməz. Əlbəttə, sən sərhədini yaxşı qoruyacaqsan ki, iddiaçı da işini bilib çəkilib oturacaq yerində. İşi o yerə gətirib çıxarmayacaqsan ki, sənin ərazindəki məbədə sahiblik iddiası ilə sərhədi keçən xarici vətəndaş əsgərlərinin silahını əlindən almağa cəsarət etsin. Elçin Quliyev də sərhəd xidmətində bir generalın nələr etməli olduğunu yaxşı öyrənsin gərək. Onun işi sərhəddə müxalifətçiləri güdmək, şərləmək, tutdurmaq üçün iyrənc planlar qurmaq deyil. Onun işi qaçaqmalçıları sərhəddən buraxıb, gündəlik qazanc üçün qonşu ölkələrə gedən insanlarımızın başına sərhəd məntəqəsində müsibət açdırmaq deyil. Onun işi 5 km-lik bayraq düzəldib şou çıxarmaq da deyil. Onun işi, sadəcə, ölkə sərhədini adam kimi, əsl general rütbəsinə yaraşan şəkildə qorumaqdır. Bunu bacarırsa, etsin, bacarmırsa, ölkəni dünyaya rəzil etməsin, getsin yumurtasını satsın.