![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2019/12/IMG-20191217-WA0016.jpg)
Deyəsən parlamentin buraxılmasından sonra çox minalar partlamağa başlayacaq. Hələlik ilk minanın səsi Amerikadan, 83 yaşlı müğənnimiz Zeynəb Xanlarovanın məkan tutduğu Brooklyndən gəldi. Zamana meydan oxuyan sənətçi deputatın köməkçisi bildirdi ki, Zeynəb xanım çoxdan bəri Amerikada yaşayır və onun növbəti parlament seçkilərinə qatılıb-qatılmayacağını deyə bilməz. Bu şok xəbərdən sonra araşdırma aparan jurnalistlərə məlum oldu ki, Xanlarova həqiqətən 7 ildir Amerikaya köçüb. Amerikada “ZEYNAB KHANLAROVA FOUNDATION” fondunu təsis edib. Orada xeyriyyəçiliklə məşğul olmağa başlayıb. Yəni illərdir Azərbaycanda qazandıqlarını öz ölkəsində deyil, Amerikada xərcləməyə qərar verib.
Amma parlamentdə də deputat mandatını saxlayıb, Milli Məclisdən 2500-5000 manat maaşını almağa davam edib. “Ara-sıra Azərbaycana gəlib-gedib, deputat maaşına ehtiyacı olmayıb, amma maaş cədvəlinə qol çəkib. Gəl ki, deputatlıqdan əl çəkə bilməyib.” Məsələnin tam təfərrüatlarını araşdıran tanınmış jurnalist Cavanşir Həsənli belə yazır.
C. Həsəninin fikirlərindən yola çıxsaq, şöhrətli sənətçinin ölkədən köçməsinə, həqiqətən, sıradan bir məsələ kimi yanaşmaq olmaz. “Onun titullarını, mandatını, yaşını, keçmişdən az-çox qalan nüfuzunu, imkanlarını, o cümlədən maddi sahib olduqlarını, sərvətini düşünün, o qədər suallar çıxacaq ki… Zeynəb Xanlarovanı 83 yaşında Azərbaycanı tərk etməyə vadar edən nədir? İnsan 40 yaşında belə qürbətdə dabanını yerə bərkidə bilmir, o da qalsın torpağın adamı bütünlüklə özünə çəkdiyi yaş. O ki, bu hakimiyyətin ən başa çıxardıqlarından biriydi, mandatı vardı, eninə-uzununa titulları vardı. Onun köçü 2012-ci ildən başlamışdı. Mətbuat indi xəbər tutur, hakimiyyət isə illər boyu bildiyinə göz yumdu. “Dövlətçilik ənənələri” var axı.” Bəli, problemlərin kökü də məhz bu yalançı, saxta, “dövlətçilik ənənəsi”ni əldə bayraq etmiş hakimiyyətdədir. Hələ keçmiş sovetlərdən sənətinin zirvəsinə çatmış Xanlarova da ölkədə gedən klanlarası savaşın fərqindədir. O, Əliyevlər hakimiyyətinin ölkəni uçuruma apardığını, bu rejimin sovetlər kimi dağılmağa doğru getdiyini anlayanlardan biridir. 83 yaşlı sovet əfsanəsi boş yerə doğma ölkəsini buraxıb uzaq Amerikaya köçməyib, onu həyatının az qala bir əsrini yaşadığı şəhərindən qaçıran dərin səbəblər var. “Zeynəb Xanlarova xeyriyyə fondunu Bakıda da aça bilərdi, Xızıda da, nəinki Brooklyndə…2013-cü ildə Brooklyndə, Sheepshead Bay Rd 1629 ünvanında tikdirdiyi 3 mərtəbəli binanın 3-cü mərtəbəsində fondun ofisi yerləşir. İkinci mərtəbə yerli hüquq firmalarından birinə icarəyə verilib. Ən alt qatında isə Avropa mətbəxi ilə tanınan “Esquiri” restoranı yerləşir. 2500 fut (232.2 kv. m.) sahəsi olan restoran illik 120 min dollara icarəyə verilib. Yəni aylıq icarəsi 10 min dollar! İcarədən gələn vəsait isə Amerikada xeyriyyə işləri ilə məşğul olan fonda gedir.” Şərhə ehtiyac varmı? Bu, Azərbaycan adlı bir məmləkətin yaşadığı acı reallıqdır. O ölkənin ki, sənətçisi burda aldığı deputat maaşı ilə gedib uzaq Amerikada xeyriyyəçiliklə məşğul olur. Onun növbəti parlament seçkilərində yenidən namizəd olacağını eşitsəniz, təəccüblənməyəcəksiniz ki? Təəccüblənməyin, o da örnəyi 26 illik Əliyevlər hakimiyyətindən alıb. İllər boyu ölkənin birinci ledisi yoxsul xalqın cibindən oğurlanan neft pullarını Heydər Əliyev fonduna köçürüb özünü dünyada reklam etmədimi? İndiyəcən dövlətin büdcəsindən oğurlanan milyardları lobbiçilik işlərinə xərcləyib hakimiyyətə üçüncü əl olaraq davam etməyə hazırlaşmırmı? Ona görə, Zeynəb Xanlarovadan da böyük gözləntiləriniz olmasın. Necə deyərlər, balıq başdan iylənər.