![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2019/12/IMG-20191217-WA0013.jpg)
Dünəndən sosial şəbəkələrdə baş nazirin sabiq müavini Hacıbala Abutalıbovun maraqlı bir videosu rekord qırır. Hansısa xarici ölkənin din xadimləri ilə söhbət edən Abutalıbovla qonaqlar arasında komik bir dialoq yaşanır. Onlara öz müdrik tövsiyələrini verən Hacıbala müəllim bildirir ki, şeytanı daşlamaq çıxış yolu deyil, onu doğru yola gətirmək lazımdır. Çox sayda sosial şəbəkə istifadəçisi onun bu nitqini ələ salaraq “Hacıbala Abutalıbovun qəlbləri titrədən xütbəsi” başlığı ilə paylaşıb: “Mən deyirəm ki, gəlin şeytanı qovmayaq. Şeytanı qovanda, gedib başqasının mələyinin yerində oturar. Gəlin, şeytanı mələyə çevirək və şeytanların sayını azaldaq. İldə 5 milyon adam Kəbəyə gedib, daş atır ki, şeytanı qovuram. Mən onlara deyirəm ki, 5 milyon adam Kəbəyə gedirsiz, 5 dənə şeytanı mələyə çevirək, bəsdir. Bundan sonra şeytan qurtardı. Əmin olun ki, ən azı bir şeytanı özüm mələk edəcəm.” Hacıbala müəllimin bu müdrik kəlamlarına xüsusi düzəliş vermək niyyətimiz yox. Onun zaman-zaman gündəm yaradan bənzər nitqlərinə də öyrəşmişik. Amma məsələ ilə bağlı bircə narahatlığımız var. Beş il icra başçısı, on yeddi il Bakı şəhər meri, bir il baş nazirin müavini vəzifəsində çalışan Hacıbala müəllim bu xeyirxah missiyası üçün çox gecikməyibmi? Düz 23 il ölkənin ən yüksək vəzifələrini daşıyan adama bu işində kimlər mane olub görəsən? Yaş olub 75, ağsaqqal hələ indi şeytanı mələyə çevirməklə bağlı planlar cızır. Üzərinə də bir şeytanı mələyə çevirmək öhdəliyi götürür. 75 yaş üçün gec deyilmi, Hacıbala müəllim?
23 il şeytan hakimiyyətinin xidmətçisi olub, sonra şeytanı mələyə çevirmək haqqında moizə oxuyan Hacıbala müəllimin “xütbəsi” bir xalq lətifəsini xatırladır. Bir gün şeytan öz balası ilə yol gedir. Ana şeytan balasına ətrafda gördüklərinin adlarını öyrədir: “Bu ağacdı, bu dağdı, bu meşədi, bu körpüdü…” Birdən qarşıdan iki insan çıxır. Bala şeytan soruşur: “Bəs bunlar?” Anası cavab verir: “Bunlardan uzaq gəz, harda nə zibil qaynatsalar, yıxırlar bizim boynumuza.”
Abutalıbovun 26 illik Əliyevlər hakimiyyətinin bəlalarını şeytanın üstünə atması da buna bənzəyir. Əslində, Hacıbala müəllimin də yüksək dövlət postlarında şeytanları mələkləşdirmək üçün böyük şansları vardı. Amma adam o şansları qaçırdı və şeytan hakimiyyəti ilə əməkdaşlıq etmək yolunu seçdi. Və bu gün ölkə insanının yaşadığı bütün faciələrdə onun da payı var, çiynini heç kənara çəkməsin. Müəllim inanclı biridir, yəqin ki, çiynindəki mələklərin günahları necə qələmə aldığını da yaxşı bilir.