Bəxtiyar Hacıyev
Mən belə başa düşürəm ki, hökümət ya bu ölkədə ən çox Əli Kərimlini sevir və qoruyur, ya da ən çox ondan ehtiyatlanır və narahatdır.
Koronavirusa görə karantin rejimi elan olunanda insanları qorumaq üçün onların ölkədən çıxışını məhdudlaşdırdılar, sonra ətrafdakı insanlardan izolə etməyi tövsiyyə etdilər. Amma illər öncə Əli Kərimliyə ümumvətəndaş pasportu verməməklə onun ölkədən çıxması və qayıtmasını qadağan etmişdilər, indi də ona ən yaxın olan adamlara qarşı ya cinayət işi açıblar, ya ruhi xəstəxanaya göndərirlər, ya da karantin rejimini pozmaqda ittiham edib, ondan təcrid edirlər. Saya bildiyim qədər son günlərdə 6-7 nəfəri beləcə təcrid ediblər, ürəkləri soyumayıb, Ə.Kərimlinin evində interneti və sabit telefon xəttini də bir neçə gündür kəsiblər ki, tam təcrid olunsun. Bütün bunlar iqtidarın müxalifət liderini sevmək, ən çox onu virusdan qorumaq işarəsi ola bilərdi.
Amma dünən də yazmışdım, son 10-15 ildəki müşahidələr onu göstərir ki, iqtidar xalqın xeyrinə proqramlar həyata keçirirsə, xalqın pis durumuna görə yox, cəmiyyətdəki və vətəndaşlar arasındakı narazılığın çox yuxarı həddə olmasına görə edir. Heç vaxt “Biz çox yığdıq, sadə vətəndaşlar isə 100-200 manata möhtacdır, əlavə bir milyard da götürməkdənsə, onlar üçün bir sosial proqram hazırlayaq” deyilməyib. İnsanlar etiraz ediblər və onda vətəndaşlar da yada düşüb.
İqtidarın narahat olmasının ikinci göstəricisi də müxalifətə və müxalifət liderlərinə münasibətdən hiss olunub. Müxalifət liderinə qarşı Novruz bayramından tutmuş, nazirlərlə iclasa qədər bütün görüşlərdə sərt çıxışlar iqtidarın vətəndaşlar arasında narazılıqdan narahat olduğunun daha bir göstəricisidir.
Görünür, iqtidar öz mənbələrindən məlumat əldə edir ki, qarşıdakı aylarda ölkəni gözləyən iqtisadi və sosial problemlərə görə vətəndaşlar arasında narazılıq sürətlə artacaq, ona görə də qorxu və narahatlıqla müxaliətə hücuma keçib. Əks halda, 2020-ci ildə, informasiya texnologiyaları dövründə müxalifət liderinin sabit telefon xətti və interneti kəsilməzdi.