Araz Gündüz
Axşamınız xeyir dəyərli dostlarım!
Tərcümə işlərimlə bağlı çox gərgin iş rejiminə keçdiyim üçün FB-dən iki həftəlik məzuniyyətə getməli oluram. Məncə, bu müddətdə, Fukuyamanın “Tarixin sonu və sonuncu insan” əsərinin tərcüməsini bitirib çapa göndərməyim hamımızın maraqlarına uyğundur. Bu kitabdan çox faydalandım, çox şeylər mənimsədim və düşünürəm, kitabın dilimizdə çap edilməsi onu indiyədək oxumayanlar üçün də, belə bir imkan yaradacaqdır.
FB profilim aktiv olaraq qalır, ola bilsin, hansısa fövqəladə bir hadisə baş versə, bir müddət üçün geri də qayıtdım…
Bu qısa ayrılıqdan öncə, sizinlə bir sıra düşüncələrimi bölüşmək istəyirəm.
Bu yerdə, böyük hind-benqal yazıçısı Rabindranat Taqorun, FB-də bir neçə dəfə dostlar üçün bölüşdüyüm, bir pritçasını xatırlayıram: “Batmağa gedən Günəş qaranlıq çökməkdə olan dünyaya qüssə içində baxıb dedi:Mən gedirəm, dünyanı qaranlıq çulğayacaq, indi necə olsun? Dünya susqunluq, səssizlik içində idi. Bu vaxt işığı güclə sezilən bir çıraq dilləndi: Ulu Günəş, sən qayıdana kimi, mən əlimdən gələni əsirgəməyəcəyəm”.
Yurdumuzu fəlakətli bir “qaranlığın” qapladığı indiki zamanda bizim o çıraq kimi, işığını əsirgəməyən insanlara çox, lap çox ehtiyacımız var.
Dəyərli AXCP-li, Milli Şuralı, yurdun haqq işi uğrunda çalışan digər dostlarım! Yurdumuzu bu qaranlıqdan, darlıqdan, fəlakətin bir addımlığına gəlib çıxdığı durumdan qurtarmaq üçün hamımızın birgə çalışması indi zəruri bir tələbdir. Kim nə ilə bacarırsa, necə lazım bilirsə, elə o cür də, vicdanla bu işdə iştirak etməyə borcludur.
Azərbaycanın siyasi meydanında gerçək müxalifət adlanmağa layiq saydığım aşağıdakı qüvvələri görürəm (onları subyektiv saya biləcəyiniz reytinqləri üzrə sıralayıram):
AXCP və Milli Şuranın timsalında fəal və ardıcılı mübarizə aparan insanlar.
Qubad İbadoğlunun öndərliyində formalaşmaqda və təşkilatlanmaqda olan, getdikcə siyasi meydanda daha çox gözə çarpmağa başlayan qüvvə.
Hamımızın əqidəsini ifadə edən müsavatçılığın adını daşıyan, subyektiv fikrimcə, imkanlarına nisbətən passiv görünən Müsavat partiyası.
Əliyevçi iqtidarının amansız repressiyalarından sonra özünə gəlməyə başlayan, fəallığını tədricən artırmaqda olan Nida hərəkatı.
Mən ölkənin müxalif siyasi palitrasını belə görürəm, razılaşmamaq haqqınızı əlinizdən alan yoxdur.
Nəhayət, siyasi mübarizənin müəyyən mərhələsində mühüm rol oynayan siyasi lider məsələsi. Siyasi liderliyin bütün parametrlərinə uyğun gələn şəxs olaraq Əli Kərimlini tanıyıram. Nəfəs dərmədən, yorulmaq bilmədən, özünün parlaq analitik istedadı və gözəl nitq qabiliyyəti ilə iqtidarın fəaliyyətini araşdıran və xalqa anladan, öz prinsiplərindən heç bir təhdid və ənam qarşılığında geri bir addım da atmayan, emosiyadan, ətalətdən, qorxudan uzaq, gecə-gündüz çalışan bir siyasətçi.
Siyasi meydanda müxalifət adına çıxış edən digər qüvvələrin isə əksəriyyəti yaranmış şəraitdən şəxsi ambisiyası üçün yararlanmağa çalışan oyunbazlardır.
Düşüncələrimlə razılaşmayanlar olacaq, bilirəm, ancaq mən bu dediklərimi emosiyadan uzaq, uzun müddətli müşahidə və incələmələrdən sonra yazıram. Mənim intellektimə və inamıma şübhə ilə yanaşmaq haqqınız var, ancaq mən bütün dediklərimi maksimum vicdanlı olmağa çalışaraq ifadə edirəm.
Hamınıza sağlıqlar və uğurlar diləyirəm. Görüşənədək.