Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı
Həşirdədir bir dəstə şairdi, yazıçıdı, alimdi, bir sözlə özünə ziyalı deyənlər, yuyulmamış qaşıq olub təkidlə düşüblər ortaya ki, İlham Əliyevə Milli Qəhrəman adı verilsin. Vallah o ziyalı qaraguruhu ki bizdə var, erməniyə də milli qəhrəman adı verməyi oz ziyanlı vicdanlarına sığışdırarlar. İşi düşdü-düşmədi, bir molodes, bir razılıqla baş yellənməsi naminə erməniyə dayı deməyə hazır olan bu qaraguruh zümrə bir daş olub sallanıb bu xalqın ayaqlarından.
Bu xalqa öz ziyalısından çox xəyanət edən başqa zümrə olmayıb. 32-37-də də o ziyalı sürüsü idi, yazıçılar ittifaqının bap-balaca zalında söndürmədikləri işıq qalmadı. 88-90-cı illərdə həmin ziyalılar bizə narkoman, alkaş, day ad qalmadı qomasınlar. Sonra da bizi günahlandırırdılar ki, onları saymadıq.
İndiyə qədər Salyanda həmin o ziyalılar bizi girinc edirlər ki, pox maşınının şoferi müdir olmaq istəyirdi. O şoferi müdir qoyan olmadı a, amma hər dəfə o söhbət düşəndə özümüzü təmizə çıxarmağa çalışırıq ki, çox da istəyirdi, olmadı ki. Bu gün bu qorxaq, onüzlü, buqələmun, hər sifətə girməyi bacaran, hər əskikliyi özünə rəva görən özünə ziyalı deyənlərə baxıram və deyirəm – o pis təyinatlı maşının sürücüsü sizdən çox-çox işıqlı adam idi, heç olmasa milli hissləri var idi.
93-cü ildə Sürət Hüseynovun qiyamı deyil, ziyalıların xəyanəti yıxdı milli-demokratik hakimiyyəti.
Özünü sanki bir çıxılmazlıq girdabında hiss edirsən. Dünyada ziyalı sözü dəyərə minəndən, əhəmiyyət kəsb etməyə başlayandan heç yerdə o sözə Azərbaycanda olduğu qədər dəyər verilməyib. Və heç yerdə də o adı daşıyanların əksəriyyəti bizdəki qədər dəyərsiz adamlar olmayıblar.
Mən İlham Əliyevin bu haray-həşirə reaksiyasını gözləyirəm. 19 ordenin laureatı, 16 universitetin fəxri doktoru olmaq ona nə verib ki, Milli Qəhrəman titulu da nə isə əlavə etsin. Dövlət təltifatları, orden-medallar, fəxri adlar hər bir insanın həyat fəaliyyətində böyük stimullaşdırıcı faktordur. Amma heç vaxt heç yerdə bu stimullaşdırıcı faktor İlham Əliyevin dövründə olduğu qədər ucuzlaşdırılıb məsxərə obyektinə çevrilməyib.
İlham Əliyev nəhayət anlamalıdır ki, o belə təltifatların fövqündədir. O bir ölkənin prezidenti kreslosunda oturub. Onun həm bir fərd, həm də siyasət adamı olaraq dəyəri titullarda, adlarda, ordenlərdə deyil, fəaliyyətində, gördüyü işlərdədir.