
Bəxtiyar Hacıyev
Məni məlum toy videosunda məyus edən və qəzəbləndirən təkcə o olmamışdı ki, başqa vətəndaşlar, xüsusi ilə kasıblar toy edən kimi polis müdaxilə edir, ancaq dövlət rəsmiləri, vəzifəli şəxslər dövlətin qanunlarını ayaq altına alıb, kef edirlər. Gənclər evlənməlidirlər, Allah xoşbəxt eləsin.
Ancaq diqqətimi hər zaman olduğu kimi məmur təbəqəsi ilə adi vətəndaşlar təbəqəsi arasındakı dolanışıq, imkan fərqi çəkdi.
Niyə yüz minlərlə gənc kirayədə yaşadığı halda, on minlərlə gənc ailə onillərlə ipoteka krediti ödədiyi halda, hansısa sıravi vətəndaşın hansısa məmurun kürəkəninin onlarla bağ evlərindən birinin çilçıraqları qiymətində belə mülkü olmasın?
Niyə adını düzgün yaza bilməyən məmur qohumlarının altlarında yüz milyonlar olmalıdır, ölkənin ən gözəl yerlərində hektarlarla bağ evləri, hovuzları, dəbdəbəli villaları, milyonlarla gəliri olan şirkətləri, milyardlıq holdinqləri, lüks avtomobilləri, hətta bəzilərinin şəxsi təyyarələri olmalıdır, sıravi vətəndaşlar isə gündəlik yaşayış qayğıları içində boğulmalıdırlar, prezidentin köməkçisi Ş.Mövsümov da “190 manatı kartdan çıxarmayıblarsa, deməli, ehtiyacları olmayıb, o məbləği verməyəcəyik” deməlidir? 190 manat ey, ay kişi, 190 manat! Lap tutaq ki, ehtiyacı olmayıb bu ay, gələn aya saxlayıb, bir vətəndaşa 190 manatı artıq görürsünüz, bəs ölkədə və ofşorda milyardları olanlara niyə “ehtiyacın yoxdursa, blok edirik” demirsiniz?
Onsuz da yaşadığım evin pəncərəsini hər dəfə açanda üzbəüz küçədə bir neçə milyardlıq sərvəti olan nazir övladlarına məxsus onlarla binadan böyük üç binanı görəndə bunları düşünürdüm, bir də hakimiyyət təmsilçilərinin təmtəraqlı bağ evindən toyda bunu görəndə lap yer elədi. Necə olur ki, biz illərlə çalışıb, bir mənzil ala bilmirik, ancaq hansısa məmur övladı mülklərinin, villalarının, mənzillərinin dəqiq sayını belə bilmir, siyahılarda saxlayır ancaq?
Azərbaycan cəmi bir neçə ailədən ibarət deyil, milyonlarla ailə var və xoşbəxtlik, rahat həyat təkcə məmur ailələrinin haqqı deyil, 10 milyon insanın hər birinin haqqıdır. Biri dövlət hesabına milyardlar yığıb, digəri 190 manata möhtac qalmamalıdır.