
Milli Şuranın sədri Cəmil Həsənli
Məlum toy əhvalatı ilə bağlı YAP icra katibinin müavini Səyavuş Novruzov açıqlama verib ki, Ramiz Mehdiyev bizi aldadıb və cənab prezidentin toydan məlumatlı olmadığını bildirib. Novruzovun sözlərinə görə “Cənab Prezidentdən icazəsini almışam” deyən Ramiz Mehdiyev onlara səhv məlumat verib. Hətta, toy məclisi zamanı onun “Cənab Prezident bu gün səhər zəng edərək təbriklərini və xoş arzularını çatdırıb” deməyi də həqiqəti əks etdirmir. Yəni cənab Prezident İlham Əliyevin bu toy məclisindən xəbəri olmayıb və Ramiz Mehdiyev bizi aldadıb.
O, əlavə edib ki, Ramiz Mehdiyevin uzun illər ərzində fəaliyyəti zamanı onunla münasibətlərimiz kifayət qədər soyuq olmuşdur. Mənim bütün fəaliyyətim boyu karyera inkişafım sırf ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı olan möhtərəm cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ramiz Mehdiyevin isə mənim siyasi fəaliyyətimdə və karyeramda hər hansı bir rolu olmamışdır. Bizim üçün əhəmiyyətsiz olan bu açıqlamanı niyə xatırlatdım. Əvvəla doğrudan da “cənab prezidentin” bu toydan xəbəri olub və hətta zəng edib təbrik də edib.
Lakin bu mühüm deyil. Mühüm olan məsələnin “tarixi” tərəfidir. Bu “tarixilik” də ondan ibarətdir ki, vaxtı ilə Vəzirov respublika rəhbəri təyin edildikdən sonra 1988-ci ildə Ramiz Mehdiyevin məsələsini plenuma qoyub onu Mərkəzi Komitənin katibi vəzifəsindən azad edəndə bu gün Səyavuşun onun haqqında dediklərini Ramiz Mehdiyev də sözbəsöz Heydər Əliyev haqqında deyib. “Tarixi varislik” göstərir ki, bunlar hamısı bir yuvanın quşudur.
Plenumda Ramiz Mehdiyevi Heydər Əliyevin adamı kimi ittiham edəndə o, qəti şəkildə etiraz edib demişdi ki, heç vaxt Heydər Əliyevin adamı olmayıb və onun vəzifə karyerasında Heydər Əliyevin heç bir rolu olmayıb. Onu komsomol işinə Həsən Həsənov, partiya işinə isə Teymur Süleymanoviç (Əliyev) irəli çəkib. Əksinə, Heydər Əliyevlə uzun müddət münasibətləri soyuq olub və Əliyev hətta onun karyera yüksəlişinə də mane olub.
Bu gün Səyavuş Ramiz Mehdiyevin onları aldatması haqqında danışdığı kimi, Ramiz Mehdiyev də o vaxt eyni ilə deyirdi ki, Heydər Əliyev bizim hamımızı aldadıb. O, əlavə edirdi ki, biz yalnız Vəzirovun gəlişindən sonra anladıq ki, əsl partiya işi, partiya demokratiyası nə deməkdir. O, bütün vasitələrlə çalışırdı ki, MK katibi vəzifəsindən uzaqlaşdırılsa da MK üzvü olaraq qalsın. Necə ki, prezidentin icra aparatının rəhbəri vəzifəsindən getsə də, təhlükəsizlik şurasının üzvü olaraq qalır. Plenumda Əliyevin əleyhinə danışması da bununla bağlı idi. Lakin o vaxt indikindən fərqli olaraq onu 1988-ci ildə həm MK katibi vəzifəsindən, həm də MK üzvlüyündən azad etdilər.
Görən Səyavuşu eyni tale gözləmir ki? Çünki o vaxt Ramiz Mehdiyev yalan danışdığı kimi, bu gün Səyavuş Novruzov da yalan danışır. O, özü də daxil olmaqla bir sıra həmyerli “gənc heydərçilər”, Zahid Oruc kimi “yad ünsürlər” də daxil olmaqla YAP-da və Məclisdə Ramiz Mehdiyevin əsas adamları idilər. Uzun müddət onların “karyeraları” bilavasitə Ramiz Mehdiyevlə bağlı idi. Bunun üçün parlament stenoqramlarına baxmaq yetərlidir. Onların parlamentdə, mətbuatda Ramiz Mehdiyev haqqında “qanadlı ifadələrin” bir yerə toplasalar yekə bir kitab alınar. İndi “siyasi virus” mənbəyi olduğu üçün “pandemiyaya şəraitinə” uyğun ondan məsafə saxlamağa çalışırlar.
Yeri gəlmişkən bunları mən ağızdan ağıza eşitməmişəm. Bütün bunlar Azərbaycan KP MK-nın 1988-ci plenumunun stenoqramında əks olunmuşdur və həmin stenoqram da Siyasi Sənədlər Arxivində saxlanılır.