
Bir aydan artıqdır 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsində (Tubzon) karantin rejimində saxlanan cəbhəçi fəalların ailələri ilə telefon əlaqəsi saxlamasına icazə verilmir. Bundan başqa, müəssisə karantin bəhanəsi ilə vəkillərin üzünə də bağlı elan edilib. Bir aydan artıqdır bu müəssisəyə yerləşdirilən cəbhəçi məhbusların ailələri onlardan heç bir xəbər ala bilmir. Bu müəssisənin zaman-zaman qeyri-insani işgəncə faktları ilə gündəmə gəldiyini hər kəs bilir. Xatırlayırsınızsa, keçən il uzunmüddətli həbs həyatından sonra azadlığa çıxan siyasi məhbus İlkin Rüstəmzadə bu haqda dəhşətli faktlar açıqlamışdı. “Həbsxanada şiddətli cəza vermək istədikləri, sındırmaq istədikləri adamları xüsusi yerdə yerləşən “Tubzon”-a aparırdılar… Ora ən ağır cəzaçəkmə yeridir. Ordan çox nadir hallarda sağ qayıdan olurdu. Sağ qayıdanların danışdıqlarından bir neçə cümlə bildirə bilərəm. Orda insanların bir neçəsini 1 yatağda yatızdırıb əl-qollarını bağlayırdılar. Onları yataqdan ayırmırdılar. Hətta, təbii ehtiyaclarını belə bir-birinin üstünə edirdilər. Və onları beləcə çox pis sındırırdılar. Onları demək olar ki, ac saxlayırdılar. Hərdən alma şirəsi və su verirlər ki, ölməsinlər. Tubzonun rəisi Nizami fəxrlə deyir ki, 200 meyidim var…”.
Mətbuatda yazılana görə, həmin məşhur rəis Nizami Quliyev 18 illik ağalıqdan sonra bu ilin mart ayında vəzifəsindən çıxarılıb. Amma deyəsən onun qoyduğu gestapo qanunları hələ də davam edir. Bunu son 40 gündə orada saxlanılan AXCP üzvlərinə qarşı edilən qəddar münasibət də təsdiqləyir. Sual yaranır: bu müəssisənin rəhbərliyi hansı qanunu əsas tutub cəbhəçi fəllara ailələri ilə telefon əlaqəsi yaratmağı, vəkillərlə görüşməyi qadağan edib? Kim göstəriş verib bu adamlara qanunları ayaq altına atıb insanların taleyi ilə istədikləri kimi oynasınlar? Hələ bu rəzalət bəs deyilmiş kimi, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmliyə 10 günlük kars cəzası veriblər. Bu gün məlum olub ki, o, 10 gündür karsda imiş və cəzasını bu gün başa vurub. Cəzalandırılmasına səbəb Aqil Məhərrəmlinin müalicə müəssisəsindəki özbaşınalıqlara və Qarabağ yürüşündə həbs edilərək ora göndərilən əqidədəşlarına qarşı edilən haqsızlıqlara etiraz etməsi olub. Xatırladaq ki, 19 iyulda 2 saylı cəzaçəkmə müəssisəsindən koronavirus testi pozitiv çıxan 40 nəfər məhbus 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (Tubzon) köçürülüb. Köçürülən xəstələr arasında Aqil Məhərrəmli də olub. Bundan sonra isə Qarabağ yürüşündə haqsız yerə həbs edilən daha iki cəbhəçi fəal Məhəmməd İmanlı və Ramid Nağıyev, o cümlədən AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimov həmin müsəssisəyə göndərilib. Biz dəqiqləşdirmək istəyirik, bura müalicə müəssisəsidir, yoxsa işgəncə kamerası? AXCP üzvlərini korona olmaya-olmaya orada saxlayıb, nəyə nail olmaq istəyirlər? Bunlar ictimaiyyətin diqqətində olan siyasi fəallarla belə davranırlarsa, görün, adi insanlara necə zülm edirlər! Azərbaycan ictimaiyyəti bu özbaşınalığa və qanunsuzluğa səssiz qalmamalıdır. Biz məhbus ailələri adından əlaqədar qurumlara və onların rəhbərlərinə səslənirik- “Tubzon”dakı özbaşınalığa son qoyuun və cəbhəçi məhbusların adi həbsxana tipli cəzaçəkmə müəssisələrinə köçürülməsini təmin edin!