
Şahvələd Çobanoğlu
Ən yaxşı Karma – demokratiyadır (2)
Yayılmış açıqlamasından görünür ki, Ramiz Mehdiyev bir acı yaşayır və sözsüz ki, buna layiqdir. Amma qulluq etdiyi hakimiyyət onu bundan da pis duruma salsa, bizi qane etməz. Onun Azərbaycan xalqına qarşı elədiyi pisliklər saya gəlməz. Və tək onun yox…
Bunların hamısı – xırdalı, böyüklü, birincidən tutmuş sadə yaltağınaa qədər hər biri bütöv bir xalqa qarsa illərlə işlənmiş cinayətin iştirakçılarıdır. Canavarı da, quzusu da. Əmr verəni də, əmr yerinə yetirəni də.
Müstəqilliyi burnumuzdan gətirdilər. Adamlar burada doğulmağına peşman oldu. Nə qədər oğurladılar! Nə qədər yalan danışdılar! Yer-göy götürməzdi bunu, biz zillətini çəkdik. Hər şey cəhənnəmə, bunlar hamısı bizə təhqir idi. Bunları izləmək, görmək, anlamaq təhqirdir bizə. Heç yadımdan çıxmır, Naxçıvanın daxili işlər nazirliyinin idarə rəisi mənə dedi, ə, tərk et Naxçıvanı. Noolsun ki, “bura mənim ölkəmdir” dedim. Hər yerdə belə davrandılar bu ölkənin vətəndaşı ilə. Bizi heç saydılar, heçə sayırlar.
Bunların etdikləri belə xırda acılarla ödənməz. Bunlar karma ilə, birinin toyu, birinin vayı ilə ədalətə varmaz. Babalarımız bizə respublika qurub, biz onun müstəqilliyi üçün ayağa durmuşuq, rus sapoqunun bu ölkədən çıxmasına nail olmuşuq. İndi bunların toyunda qanqaraçılıq olmaqla bu qədər zillətin cavabı verilməz.
Fəzail Ramizi, Ramiz Fəzaili söyməklə ədalət olmaz. Yaxşıdır, içdən yıpranırlar, özləri ilə qarşıdurmaya gedirlər. Lakin bunlar hamılıqca rədd olmayınca, bu ölkədə ədalət, ədalət məhkəməsi, demokratiya olmayınca, heç nə yerini almaz. Ədalət məhkəmədə və ədaləti gətirən demokratiyada olur. Xalqın hakimiyyəti özünə qayıtmayınca, bu ölkəni yeddi ana qabağına qoyub ağlamalıdır.