
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı
Sosial şəbəkədə Əliyevin Zəngilan, Qubadlı səfərindən bir epizod rast gəldi mənə. Bir kənd adı yazılmış lövhəni çıxartdırıb atdırır yerə və üstündə hoppanıb düşür. Aydındır ki, oturduğu kürsü ilə uzlaşmayan belə hərəkətlər Dağlıq Qarabağdakı siyasi iflasını pərdələmək, heç olmasa öz gözündə öz renomesini qaldırmaq cəhdləri olmaqla bərabər həm də özünəməxsus siyasi reklam hərəkətləridir.
Amma bir anlıq təsəvvürümdə canlandırmaq istədim, məsələn, Ərdoğan o hərəkətləri edərdimi? Putin edərdimi? Heç prezidentliyə qədər peşəsi səhnədə oynamaq olan Zelenski etməzdi. O lövhə olayı Paşinyanın Cıdır düzündə yallı getməsindən, Lukaşenkonun əlində avtomat poz verməsindən heç nə ilə fərqlənmir.
O lövhənin üzərində hoppanmaq təbliğ deyil, şoudur. Təbliğ o lüksü sənə verən əskər və zabitlərin qayğısına qalmaq olardı. Ac, siqaret yanğısı ilə səngərdə dayanan, içindən su axan çadırda yatan, 20 dərəcə şaxtada corabsız!!! posta gedən əskərlə sənin o lövhənin üstündə hoppanmağının arasındakı təzadın fərqindəsənmi? O əskər və zabitlərin ailələrinin qayğısına qalmaq lazım idi. Orada şəhid düşən, qan tökən, torpaq azad edib də onun keşiyini çəkən sənin piylənmiş məmurlarının harın balaları deyi ki, ehtiyac nə olduğunu bilməsinlər.
Və o lövhənin üstünə çıxmazdan əvvəl konstitusiyamıza tüpüb rus ordusunu ölkəmizə buraxmaqla etdiyin dövləti xəyanət haqda fikirləşmək lazım idi. Putin orada lövhə üzərinə çıxmır, sənin imzaladığın bəyanatı ayaqları altına salıb tapdaq-tapdaq edir, sülhməramlının görəcəyi işdən başqa nə ilə desən məşğuldur. Rusiya orada Qafqazda ən böyük hərbi bazasını yaradıb özü üçün dövlət qurur, dövlətimizə, suverenliyimizə təhlükə yaradır.
Nə qədər acı olsada, sənə münasibətimdən asılı olmayaq bu ölkənin vətəndaşı kimi məni hiddətləndirən odur ki, Putin Dağlıq Qarabağda Rüstəm Muradov və Araik Arutunyanın ayaqları ilə sənin üstündə hoppanıb düşür. Sənin isə heç cınqırın da çıxmır.