Ərdoğan nəyin peşindədir?

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar Gürcüstanın Müdafiə Naziri Garbaşvili ilə görüşüb. Görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlığa dair saziş imzalanıb.
Xatırladaq ki, bundan öncə də Ukrayna ilə Türkiyə arasında “Hərbi əməkdaşlığa dair çərçivə sazişi” və hərbi sənaye sahəsinə əməkdaşlığa dair müqavilələr imzalanıb.
Bütün bunlar onu göstərir ki, Türkiyə Rusiya ilə birbaşa qarşı durmayan getmədən, Rusiya ilə hərbi strateji konfliktdə olan postsovet respublikaları ilə hərbi siyasi əməkdaşlığı genişləndirməklə məşğuldur. Bu əslində, Qərbin arzuladığı, lakin həyata keçirə bilmədiyi tədrici çevrələmə, hərbi mühasirə siyasətininin Türkiyə tərəfindən uğurla həyata keçirilməsidir.
Sentyabrın 27 də başlanan 44 günlük Qarabağ müharibəsi Türkiyə və Rusiya arasında Suriyadan sonra dolayı formada baş verən hərbi qarşı durma İDİ. Bu savaşda Türkiyə öz hərbi sənaye məhsulları və hərbi təsir imkanları ilə ermənilər üzərindən əslində Rusiyaya qalib gəldi. Son anda Rusiya üçtərəfli Bəyanatı əsas götürərək Dağlıq Qarabağa açıq hərbi müdaxilə yolu ilə vəziyyəti öz xeyrinə xilas edə bildi.
Türkiyənin Gürcüstanla hərbi əməkdaşlığı genişləndirmək istəməsi onu göstərir ki, qardaş ölkə Cənubi Qafqaz uğrunda Rusiyaya qarşı geopolitik rəqabətə girişib. Ona görə də Türkiyənin Qarabağ məsələsinə münasibətdə tutduğu mövqeyə, təkcə Azərbaycana dost ölkə kimi verilən dəstək prizmasından baxmaq yetərli deyil. Türkiyə regional oyunçudan, qlobal oyunçuya çevrilmək üçün Orta Şərqdə Liviya, Suriya və Aralıq dənizindən sonra, postsovet məkanında əsas söz sahiblərindən birinə çevrilməyə çalışır.
Burada əsas diqqət çəkən məqamlardan biri də, məhz ABŞ – da Rusiyanı əsas strateji düşmən kimi görən Baydenin hakimiyyətə gəlişi ərəfəsində Türkiyənin postsovet respublikalarındakı hərbi fəallığını və təsirini artırmaq səyləridir. Məqsəd nədir?
Əslində prezident Ərdoğanın bu qabaqlama stratejisi Qərbin Rusiya ilə rəqabətdə Türkiyəni əsas partnyor kimi qəbul etməsinə hesablanıb. Ərdoğan ustalıqla elə bir vəziyyət yaratmağa çalışır ki, Qərb istəsə də, istəməsə də Türkiyə qarşı iradlarını bir kənara qoyub Rusiyaya qarşı onunla əməkdaşlıq etməyə məcbur olsun. Bu isə masada Türkiyənin istəklərinin nəzərə alınması deməkdir.
Ona görə də bu gün Qarabağda Türkiyənin sahədə hərbi iştirakına əngəl olan Rusiyanın, perspektivdə güzəştə getməyə məcbur olacağını gözləmək olar. Ancaq bu məsələdə Azərbaycan iqtidarının hansı mövqe tutacağı da önəmli təsir göstərəcək. Qərb və Türkiyənin birgə tandemi, İlham Əliyevə Rusiyanın təzyiqlərinə müqavimət göstərmək üçün daha geniş imkanlar və təminatlar təqdim edəcək. Ancaq bu baş verəcəyi təqdirdə, Azərbaycan iqtidarının təkcə hərbi deyil, siyasi və iqtisadi sahədə də Qərblə inteqrasiya istiqamətində real addımlar atması zəruri olacaq. Əks təqdirdə, qeyri müəyyən mövqe üstündən Cənubi Qafqazda geopolitik balansı öz strateji maraqlarımıza uyğun dəyişmək və Dağlıq Qarabağ məsələsini birdəfəlik həll etmək fürsətini uzun müddətə itirə bilərik.