
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Dünən Hadrutda erməni diversantlarının hücum edərək əsgərimizi şəhid etməsi, təmas xəttinə nəzarət edən Rusiya “sülhməramlılarının” işin öhdəsində gələ bilmədiklərini, yoxsa gəlmək istəmədiklərini göstərir?
Əgər sülhməramlılar regionda marağı olmayan başqa bir üçünü dövlətə məxsus olsaydılar, o zaman, bunu onların təxribatın qarşısını ala bilməmələri kimi qiymətləndirmək olardı.
Ancaq məsələ burasındadır ki, Rusiyanın fəaliyyəti təkcə təmas xəttində post patrul xidməti ilə kifayətlənmir. Rusiya Dağlıq Qarabağakı separatçı rejimi demək olar ki, yaşadır, himayə edir və əksər sahədə təhcizatını həyata keçirir. Bu isə ərazidəki ermənilər üzərində hərbi – siyasi nəzarət həyata keçirmək deməkdir.
Onda məntiqi nəticə çıxır ki, Rusiyanın xəbəri və razılığı olmadan hərbi cani Araik Arutunyanın hakimiyyəti Azərbaycan əsgərlərinə qarşı belə bir təxribatı həyata keçirə bilməzdi. Əks təqdirdə, Rusiya öz hərbi – siyasi nəzarət imkanlarından istifadə edib onun sülhməramlı missiyasına zərbə vuran separatçı rejimi cəzalandıra bilərdi. Demək, ortada birgə planlaşdırılıb həyat keçirilən əməliyyat var.
Bəs Rusiyanın bu təxribatda məqsəd nə ola bilər?
Böyük ehtimalla Rusiya bu yolla öz “sülhməramlılarının” sayını artırmağı planlaşdırır. Ərazinin mürəkkəb relyefini və təmas xəttinin böyüklüyünü əsas gətirib, təxribatların qarşısını ala bilməkdən ötrü hərbi kontingentinin sayını artırmaq istəyəcək.
O da ola bilər ki, bu yolla Rusiya Azərbaycana təzyiq göstərərək Türkiyə hərbiçilərinin bölgəyə gəlişini əngəlləməyə, Azərbaycanı hərbi təhdid altında saxlamağa çalışır.
Ancaq bütün hallarda indidən görünür ki, Rusiyanın gəlişi heç bir halda sülhə xidmət etmir, əksinə, sabitlik üçün ən böyük təhdiddir.