AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Mən 1998 – ci ildə Eldar Həsənov Baş prokuror olarkən qondarma ittihamla dövlət quruluşunu dəyişməyə və terrorizmə çağırışda ittiham olunaraq həbs olunmuşam. Həmişə olduğu kimi, o vaxt da yazıya görə hədəfə gəlmişdim.
Hətta o vaxt bu işə görə Əbülfəz Elçibəyi də şərləməyə çalışaraq onu Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsinə çağırıb ifadə alnışdılar.
Mənimlə birlikdə saxlanılan dostum Alı Rzanı Eldar bəy özü qəbul edərək mənim “Müxalifətin Mitinq taktikası” adlı yazı yazmaqla dövlətə qarşı cinayət etdiyimi demişdi.
O vaxtdan 23 il keçir. İndi Eldar Həsənov özü həbsdədir. Xidmət etdiyi, möhkəmlənməsinə əmək sərf etdiyi rejim ona qarşı acımasız davranır, insan kimi ona zülm edir. Ağır xəstə olduğu, əlil arabasında hərəkətə məcbur olduğu halda, onun normal şəkildə müalicə olunmasına belə icazə vermir.
O zaman mən də həbsxanada eyni vaxtda vərəm və sarılıq xəstəliyi tutmağıma baxmayaraq, Mərkəzi Müalicə müəssisəsində müalicə olunmağıma icazə vermənişdilər. Bu gün Eldar bəyin yaşadığı bəlkə karmadır bilmirəm. Ancaq heç bir halda o zaman və sonralar mənə qarşı haqsızlıq edib həbsxana məhrumiyyətləri yaşatmış şəxslərə qarşı hüquqa zidd, qəddar davranışı qəbul edə bilmərəm. Bu üzdən də bu gün Eldar Həsənova qarşı edilən insanlığa sığmayan, humanizmdən uzaq rəftarı doğru saymıram və bunu kəskin şəkildə qınayıram. Bu münasibətim bu gün vəzifədə olan və mənim haqqımda həbs qərarlarının verilməsində xüsusi iştirakı olan hər bir şəxsə aiddir. Onların kimliyini mən yaxşı bilirəm və heç bir halda nə siyasətdə, nə də ki, şəxsi həyatda qisasçı yanaşmanı qəbul etməmişəm.
Bu üzdən də bu gün Eldar, Həsənova qarşı qeyri insani davranışa son qoyulmasını tələb edirəm. Halbuki bu tələbi onun hesabına mənsəb, imtiyaz qazananlar və vaxtı illə bir yerdə olduqları hakim komanda üzvləri etməliydilər. Ancaq kimsədən səs çıxmır.
Bircə örnək də yoxdur ki, bu hakimiyyətdə vurulan şəxsləri öz keçmiş komanda yoldaşları müdafiə etmiş olsunlar. Bizimlə sizin fərqiniz həm də bundadır. Biz ancaq hüquqi məsuliyyətdən, ədalətdən yanayıq. İnsan şəxsiyyətini alçaldan, onun qanununi haqlarını heçə sayan, qəddar və amansız davranışları hətta bizə qarşı olub hər cür pisliyə əl atmışlara belə rəva görmürük.