Susmaq bizi hara aparır?
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Çox sayda ekspert, aktivist, politoloq, vətəndaş cəmiyyəti təmsilçisi, yazıçı, din xadimi və. s adlarla özünü cəmiyyətə təqdim edib gündəmdə qalmağa çalışanlar var. Əksəriyyəti də xatasız mövzular axtarır və çox məharətlə bu cür mövzuları seçə bilirlər.
İkilikdə söhbətlərdə hamısı da “ürəyim sizinlədir” deyir. Bu minvalla AXCP – nin üzvlərindən daha çox, kənardan göndərilən “ürəyi” var. Dii gəl ki, ortada ciddi bir məsələ olanda, hər hansı bir haqsızlıq olayı baş verəndə daşdan səs çıxır, bu ürək bağışlayanlardan cınqır belə çıxmır. Nə görürlər, nə də ki, eşidirlər. Ancaq unudurlar ki, onların bu susqunluğunu, prinsipsizliyini kənardan hamı görür.
Elə məsələlər var ki, onlara münasibətdə siyasət deyil, vicdan, həqiqət bir meyar olmalıdır. Məsələn, Nardaran işində, Gəncə, Tərtər hadisələrində, rejimə müxalif olan ayrı-ayrı müstəqil tanınmış şəxslərə qarşı haqsızlıqlar törədiləndə AXCP heç bir siyasi maraq və mənsubiyyət nəzər almadan haqqı pozulan hər kəsin yanında yer alıb. Çünki, əgər ölkədə qanun və ədalət ictimai dəyər, toxunulmaz qırmızı xətt deyilsə, orda yalnız siyasi maraqla məsələlərə yanaşmaq ictimai fayda yerinə, mənəvi deqradasiyaya yol açar. Heç bir fərqi yoxdur, əgər biz siyasi partiya üzvləri və ya ayrıca fərd kimi öz maraqlarımızı normal, ləyaqətli bir şəkildə həyata keçirmək istəyiriksə, ilk növbədə cəmiyyətin sağlam təməllər üzərində inşa olunmasına, demokratik dəyərlərin bərqarar olmasında maraqlı olmalıyıq. Bunun siyasətlə bir ilişgisi yox. Bu cəmiyyətin bu gününə və gələcəyinə ən adi rasional və əxlaqlı yanaşma prinsipidir. AXCP olaraq bu cür yanaşdığımız üçün hər zaman hüququ pozulmuşlara, haqqı tapdananlara sahib çıxmağa ictimai məsuliyyət öhdəkliiyimiz kimi baxmışıq.
Ancaq günlərdir ki, Niyaməddin Əhmədovla bağlı sosial şəbəkələrdə kampaniya gedir. Hakimiyyət bir günahsız şəxsi siyasi qisasçılıq zəminində şərləyib 15 il həbsə atmaq istəyir, bəzi istisnalarla bu yazıçı, ekspert, politoloq, aktvistlərdən, dindarlardan, hüquq müdafiəçilərindən və. s səs soraq yoxdur. Sanki publik olaraq hüququn zorlanması, ədalətin tapdanması, bir günahsız gəncin şərlənərək amansız şəkildə cəzalandırılması olayı bunların yaşadığı ölkədə baş vermir. Susurlar.
Ancaq hakimiyyətin acığına gəlməyəcək mövzular gündəmə gələn kimi, bunlar dil boğaza qoymurlar, ən alovlu vətənpərvərə, milli təəssübkeşə, ictimai qayğı ilə yaşayan aktivistə, uzaq tarixdə qalmış zülmükarlığa etiraz edən möminə çevrilirlər.
Susmaq çevrənin daralması deməkdir. Bu çevrəni daha çox yığılmağa, daralmağa qoymayan maneələr repressiv yollarla aradan qaldırıldıqcaq sizin idda etdiyiniz çeşidli statuslara da gərək qalmayacaq. Qalan yalnız hər cür qanunsuzluğa, haqsızlığa göz yumub qəlp dövlətçilik adı ilə məddahlıq etmək olacaq. Eynən Türkmənistanda olduğu kimi. Bununumu istəyirsiniz?
Əminəm ki, istəmirsiniz. O zaman, göstərmək lazımdır ki, cəmiyyətin də qırmızı cizgiləri var və hakimiyyət onu istədiyi şəkildə əzə, sıxa biilməz.