İyunun 27-də Vaşinqtonda “ABŞ Maraqlarının Transxəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizində təmin edilməsi” adlı forum keçirilib. Forumda Əfqanıstan, Qazaxıstan, Gürcüstan və Türkiyənin nümayəndələri ilə yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Vitali Bəylərbəyov və Azərbaycan Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının rəhbəri Elçin Əhmədov da iştirak ediblər.
Tədbirə Orta Asiya – Qafqaz İnstitutunun baş elmi işçisi Mamuka Tsereteli moderatorluq edib. Forumda ABŞ şirkətləri üçün regionda mövcud olan sərmayə imkanları və layihələri eləcə də, Asiya ilə Avropanı birləşdirən strateji yol sayılan müasir İpək Yolunun inkişafı üçün regiondakı hökümətlərin apardığı siyasətə dəstək müzakirə olunub.
Tədbir texaslı respublikaçı konqresmen Pit Seşşions və ohayolu konqresmen Stiv Şabotun açılış sözləri ilə başlayıb.
Konqresmen Seşşions keşmiş sovet ölkələrinin əsarət altında inkişaf edə bilmədiklərini deyib. O həmin ölkələrin böyük təbii ehtiyatlara sahib olduğunu və orada inkişafa nail olmaq istəyən insanların yaşadığını qeyd edib. Konqresmen Rusiyanın hazırda da bu ölkələrin siyasi rəhbərliyindən faydalanaraq bu ölkələrdəki insanları təcrid etmək istədiyini deyib və bildirib ki, buna qarşılıq olaraq ABŞ bu ölkələri bir araya gətirib onların iqtisadi inkişafı əldə etmələrini və dünya bazarına daxil olmalarını təmin etmək üçün addımlar atacaq.
“Biz güc, iradə və qarşılıqlı asılılıqla ölkəmizi inkişaf etdirəcəyik, dünyanı isə daha təhlükəsiz bir yerə çevirəcəyik”, deyə o bildirib.
Konqresmen Şabot da Rusiyanın regiondakı nüfuzundan bəhs edərək Moskvanın daha öncə də regionda iqtisadi və siyasi nüfuzunu qoruyub saxlamaq üçün Xəzər dənizində boru kəmərinin inkişafına müqavimət göstərdiyini deyib və Tranxəzər ölkələrinin bir araya gələrək bunun qarşısını almağa çağırıb:
“Biz Rusiyanın qlobal miqyasda “yaramazlıqla” məşğul olmasına icazə verməməliyik. Rusiyanın hədə-qorxu taktikalarına son qoymağın bir yolu Transxəzər ölkələrinin Rusiyadan olan asılıqlarını azaltmaqdır”.
Oxunub: 298