Çeçenistan hökuməti ümumən şiəlikdən şikayət etmir. Hətta, məsələn, Suriya prezidenti Bashar al-Assad-ı dəstəkləyir də. Bəlli olduğu kimi, Bashar al-Assad şiəliyin ələvi təriqətinə sitayiş edir. Çeçenistan hökumətinin bu qəribə yanaşmasının asan izahı var: Assad və deməli, həm də Suriya ələvilərini Kreml dəstəkləyir.
HƏR ŞEY FİLMDƏN BAŞLANDI
Ancaq son zamanlar Çeçenistanın dünyəvi və dini liderlərinin şiə islamına hücumları görünən dərəcədə artıb.
2016-cı ildə Çeçenistan müftisi Salah Mezhiyev Məhəmməd peyğəmbər haqqında İranda istehsal olunmuş filmi bəyənməmişdi. İşin maraqlı tərəfi odur ki, Mezhiyev heç o filmə baxmamışdı da. Ancaq filmi yasaqlamışdı. O bu qadağanı onunla izah etmişdi ki, peyğəmbərin görüntüsünü nümayiş etdirmək olmaz. Mezhiyev həmçinin bildirmişdi ki, filmin süjeti islam alimləri ilə razılaşdırılmayıb və ümumiyyətlə, müəlliflər hadisələri öz bildikləri kimi təfsir edirlər.
Çeçenistan rəhbərliyi bu yaxınlarda həbs edilmiş publisist Rizvan Ibrahimov-un İrana elmi səfərini şiəliyə dəstək kimi qiymətləndirib. Bu yanaşma böyük təəccüb doğurur. Çünki R.Ibrahimov özünün bütün tədqiqat fəaliyyətini çeçen xalqının «seçilmiş» xalq olmasının dəlillərini tapmağa həsr edib. O, öz əsərlərində şiəliyə maraq sərgiləyir.
YENİ SEKTA
Məhəmməd Kesnizani təriqətinin çeçen davamçılarının ortaya çıxması barədə xəbər yayılandan sonra Çeçenistanda şiəlik haqqında müzakirələr daha da fəallaşıb. İraqda yaranmış Kesnizani sektasının şiəliyin bir qolu olduğu bildirilir. Kesnizaninin müridləri ayinlər zamanı öz başlarını xəncərlə yarır, qarınlarını isə qılıncla deşirlər.
Sektanın ayinlərindən birinə qatılmış Aslanbek Zubayrayev Çeçenistan rəhbəri Ramzan Kadyrov-la görüşməli olub. Kadyrov ondan şiəliyin təbliğatına son qoymasını tələb edib.
Onu da qeyd edək ki, Çeçenistan müftisi Salah Mezhiyev müntəzəm olaraq Bashar al-Assad-ın yanına uçur və Qroznıda öz suriyalı həmkarını qəbul edir. Bundan başqa, respublika rəhbərliyi çeçen hərbçilərini davamlı olaraq Suriyada qayda-qanunu qorumağa göndərir.
«ONLARI ŞİƏLƏR BURAXIB»
Çeçenistan müftisi özünün ən son müraciətində respublika sakinlərini Rusiyadakı şiə mədəniyyət mərkəzlərinin dərc etdiyi kitabları oxumamağa çağırır. O iddia edir ki, bu nəşrlər sünnilər və deməli, həm də çeçenlər üçün təhqiredicidir.
«Bu kitabların rus dilinə tərcümələri var. Onları şiələr buraxıb. Bu kitabları oxumaq və rəhbər tutmaq olmaz! Bütün məsuliyyətimlə bəyan edirəm ki, Çeçenistan Respublikasında nə şiəlik, nə də vəhhabilik keçəcək!» – Mezhiyev deyib.
Mezhiyev bəyan edir ki, «İran öz mədəniyyəti adı altında şiə məzhəbinə aid dini ədəbiyyat yayır və beləliklə, əsl islam yolunu təhrif edir». Onun sözlərinə görə, ayətulla Ali Sistani-nin «Fətvalar toplusu», Hussain Saidi-nin «İslam peyğəmbərinin şəxsiyyəti» və «Əli ibn Abu Talibin şəxsiyyəti» kimi kitabları gəncləri yoldan çıxarır.
Rusiyada fəaliyyət göstərən Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondunun rəhbəri Şamil Tağıyev Çeçenistan müftisinin çıxışından narahatlıq ifadə edib.
«Müftinin «Çeçenistanda şiəlik və vəhhabilik keçməyəcək» deməklə şiələri vəhhabilərlə eyni müstəviyə qoyması narahatlıq doğurur», – deyə o bildirib.
«YUMŞAQ» ŞİƏLƏR
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Mikhail Roschin-sə hesab edir ki, Çeçenistan müftisinin nitqi Azərbaycana aid deyil.
«Çeçenistan rəhbərliyi üçün Azərbaycan iranlılardan və ərəblərdən fərqli olaraq, özününkülər, «yumşaq» şiələrdir», – Roschin «Nezavisimaya qazeta»ya müsahibəsində deyib.
Onun sözlərinə görə, müftilik İranın aparıcı fondlarından birinin maliyyələşdirdiyi «Sədra» nəşriyyatının dini kitablarının Qafqazda yayılmasından narahatdır. Mütəxəssis Qroznının antişiə mövqeyini Qətər ətrafında baş verən son hadisələrlə əlaqələndirib.
«Çeçenistan iqtisadi və təhsil sahələrində uzun zamandan bəri Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlıq edir. Bunlar Qətərin blokadasında iştirak edən dövlətlərdir. Onlar Qətəri İran və «Hizbullah»ı dəstəkləməkdə ittiham edirlər. …İndi Qroznı öz partnyorlarına Çeçenistanın İran və şiəlikdən maksimum uzaq olduğunu göstərməlidir», – deyə Roschin vurğulayıb.
Çeçenistanın qonşusu Dağıstanda şiəlik məsələsinə daha rahat yanaşırlar. Burada peyğəmbər haqqında çəkilmiş filmi də göstəriblər, Mahaçqalaya dost səfərinə gəlmiş İran gəmilərini də yaxşı qarşılayıblar. Üstəlik, İran viza mərkəzi də açıblar. (azadliq.org)
Oxunub: 562