Kiyev məhkəməsi keçmiş prezident Viktor Yanukoviçə qarşı vətənə xəyanət ittihamı üzrə iclas keçirəcək.
İyunun 26-da proses təxirə salınıb. Belə ki, Rusiyada olan Yanukoviç məhkəməyə gəlməyib.
Vəkil Vitali Serdyuk deyib ki, Yanukoviç video-əlaqə vasitəsilə prosesə qatılmağa, beynəlxalq hüquq normalarına uyğun ifadə verməyə hazırdır. Serdyukun sözlərinə görə, Ukrayna hakimiyyəti buna şərait yaratmır.
Hazırlıq iclasında müdafiə tərəfi təkid edib ki, məhkəmə rəsmən Rusiyaya müraciət etsin və video-əlaqə yaradılsın.
Məhkəmə iddianı rədd edib, Yanukoviçin internetdə istənilən video-əlaqə vasitəsilə prosesə qatılmasının mümkünlüyünü bildirib.
Yanukoviç 2014-cü ilin fevralında Rusiyaya qaçıb. Onun hökuməti Avromaydan etirazçılarını dağıtmağa çalışarkən onlarla adam həlak olub. Etirazlar keçmiş prezidentin Avropa Birliyi ilə tarixi sazişi ertələmək qərarına qarşı keçirilirdi.
Oxunub: 106