Ölkənin istənilən sektorunda problemlər yetərincədir. Təhsil, səhiyyə, kənd təsərrüfatı və əksər sahələrdəki mütəxəssis hazırlığındakı əyintilər isə saya-hesaba gəlmir. Bu sırada saxta diplomluların olması isə vəziyyəti daha da ağırlaşdırır. Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov bu ilin ötən dövründə səhiyyə sahəsində 28 saxta diplomun aşkarlandığını deyib. Məlum olub ki, saxta diplomlar daha çox orta tibb ixtisası təhsil müəssisələri, tibb kolleclərinin adından verilir. Sektor rəsmisinə görə, ali təhsil müəssisələrinin adından istifadə olunmaqla analoji faktlar çox nadir hallarda müşahidə olunur.
Maraqlıdır ki, səhiyyə sahəsi digər sektorlara baxanda daha həssas və məsuliyyət tələb edən sahədir. Onsuz da yarıtmaz vəziyyətdə olan səhiyyəmizdə saxta diplomluların olması və sağlamlığımızı omlara etibar etməyimiz isə artıq faciədir.
Təhsil sahsi üzrə ekspert Nabatəli Qulamoğlu deyir ki, vəzifədə olan məmurların öz səlahiyyətindən sui-istifadə etməsi nəticəsində belə ağır vəziyyət yaranıb. Ekspert saxta dipıom verilməsinin artıq total hal aldığını söyləyir:
“Istər səhiyyə, təhsil, istərsə də kənd təsərrüfatı sahəsi olsun, saxta diplomlar hamısında verilir. Təhsil naziri inişil dedi ki, rayonlarda və ucqar yerlərdə 2 min nəfərdən çox saxta diplomlu müəllim var. Təkcə Müəllimlər İnstitutunda bir neçə saxta diplom faktı üzə çıxıb. Məmurlar hər sektorda bu işi özləri üçün qara biznesə çevirib. Bu problem ictimai mühitdən irəli gəlir. İctimai mühit belə hallara göz yumur. Qara biznesə də münbit şərait yaranır”.
azadlıq.info
Oxunub: 226