Aytac Əhmədova: “O sualların cavabı məndə yoxdur”
Jurnalist Aytac Əhmədova iyulun 4-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. O, Gürcüstanda oğurlanaraq Bakıya gətirilib həbs olunan jurnalist Əfqan Muxtarlının və “Meydan TV”nin işi üzrə istintaqda ifadə verib.
Qeyd edək ki, Əfqan Muxtarlının işi “Meydan TV” ilə bağlı cinayət işinə birləşdirilib.
Aytac Əhmədova nümayəndəsi Samirə Ağayevanın iştirakı ilə dindirilib.
İstintaq sirrini yaymamağa dair iltizama imza atdığına görə Aytac Əhmədova dindirmənin detallarını açıqlamayıb. Bununla belə, məlum olub ki, jurnalist ölkədən çıxışına qadağa qoyulmasının səbəbi ilə maraqlansa da, istintaqçılardan sualına əsaslı cavab ala bilməyib. Bircə kəlmə ilə deyilib ki, cinayət təqibi davam etdiyinə görə belə bir qadağa qoyulub.
Aytac Əhmədovanın sözlərinə görə, artıq iki ildir ki, mənasız bəhanələrlə cinayət təqibi davam etdirilir.
Jurnalist deyir ki, bugünkü dindirmədə Əfqan Muxtarlı ilə bağlı suallar üstünlük təşkil edib: “Amma əlbəttə ki, məndə bu sualların cavabı yoxdur”.
Azadliq.info
Oxunub: 382