Hakimiyyət xalqı xarici borcla yükləməkdə davam edir
2017-ci ilin aprelin 1-ə olan məlumatlarda deyilir ki, Azərbaycanın kredit sazişləri üzrə xarici dövlət borcu 7 milyard dollardır.
Bu borclar 11,1 milyard dollarlıq sazişlər üzrədir. Onlardan yeddi milyard dollar istifadə olunub, dörd milyard isə hələ ki, xərclənməyib.
Ölkənin hazırkı borcu ÜDM-nin 18,1 faizi deməkdir.
Bundan başqa, məlumatlarda deyilir ki, adambaşına düşən xarici dövlət borcunun məbləği ilin əvvəli ilə müqayisədə 1,2 faiz artıb və ya 713,5 dollar təşkil edib.
İqtisadçı təhlilçilər isə deyirlər ki, artım əsasən 2017-ci ilin ilk rübündə olub. Yanvarın 1-də borcun miqdarı 6 milyard 913 milyon dollar idisə, aprelin 1-ə qədər təxminən 87 milyon dollar artıb.
Ümumilikdə isə, 2016-cı ilin oktyabrına qədər kəskin artım var idi, amma IV rübdə borcların xeyli hissəsinin ödənilməsi artımın miqdarını “cüziləşdirdi”.
Təhlilçilər borcların ödənilməsi prosesini “qeyri-sabit” kimi dəyərləndirir.
Xarici borclar hansı səbəblə haradan alınıb?
Maliyyə Nazirliyinin saytında yazılır ki, borclar aşağıdakı qurumlardan cəlb edilib:
- Dünya Bankı
- Asiya İnkişaf Bankı
- İslam İnkişaf Bankı
- Avropa Yenidənqurma və İnkişaf Bankı
- Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər.
Xarici dövlət borcu əsasən aşağıdakı valyutalarda götürülüb:
- 76,7 faiz – ABŞ dolları
- 11,8 faiz – avro
- 2,4 faiz – Yaponiya yeni
- 9,1 faiz – digər..
Onların 57,3 faizi 10 illik, 38,8 faizi 10-20 illik və 3,9 faizi isə 20 ildən artıq müddətə cəlb edilib. Kreditlərin 32,1 faizi stabil dərəcə ilə cəlb olunub.
Saytda həmçinin deyilir ki, bu vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və digər sahələrdə istifadə edilib.
Adambaşına düşən xarici dövlət borcu niyə artır?
Borcun artması əsasən Azərbaycan Beynəlxalq Bankının (ABB) restrukturizasiyası proqramı ilə əlaqədardır, maliyyə naziri Samir Şərifov iyunun 30-da Milli Məclisdə deputatlara bildirib və əlavə edib ki, bu, ölkənin kredit reytinqinə təsir etməyəcək.
Deputat Vahid Əhmədov BBC Azərbaycancaya müsahibəsində bildirib ki, prezident İlham Əliyevin verdiyi sərəncama əsasən, ABB özəlləşdirməyə getməlidir, amma ondan qabaq da orada sağlamlaşdırma tədbirləri həyata keçirilməlidir.
“Müəyyən kreditor borcları var … 4099,4 milyon manat və ya 2383,4 milyon ABŞ dolları vəsait ayırmağa məcbur olduq. Bununla əlaqədar dövlət borcunu bir az da artırdıq.”
Cənab Əhmədov əlavə edib ki, hazırda borcun ÜDM-də payı da 18 faiz təşkil edir və başqa iri dövlətlərdə bu rəqəm 100-120 faizdir:
“Bu problem deyil, amma bankın sağlamlaşdırılması Azərbaycanın imici üçün xüsusilə böyük əhəmiyyət kəsb edir və bu vacibdir.”
Lakin bu tək səbəb deyil.
Hesablamalar Palatasının “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə Rəyində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) adı da çəkilir.
Buna səbəb Fransa İnkişaf Agentliyindən iki ədəd lokomotiv deposunun tikintisi üzrə ADY-ə 112,5 mln. avro (217,1 mln. manat) məbləğində kredit ayrılmasıdır.
Palata həmçinin qeyd edib ki, bu öhdəliklərlə bağlı olaraq dövlət borclanmasının yuxarı həddi (limiti) kəskin (500,0 mln. manata qarşı 4000,0 mln. manat və ya 9 dəfə) artırılıb.
Xarici borclar gələcəkdə arta bilərmi?
Bəli, arta bilər. Çünki dövlətin öz borclarından əlavə dövlət zəmanəti ilə cəlb edilən borclar da var.
Burada söhbət əsasən dövlət şirkətlərindən gedir, məsələn, Azərbaycan Dəmir Yolları QSC, Azərişıq ASC, Azərkosmos ASC, ARDNŞ və digərləri. Onların nə qədər borcunun olması dəqiq bəlli deyil.
Amma təhlilçilərə görə bu borclardan bəziləri 10 milyard manata yaxındır.
Deputat Vahid Əhmədov bildirib ki, dövlət zəmanəti ilə götürülən belə borclar “narahat edən məsələlərdəndir”.
“Bu səbəbdən biz Maliyyə Nazirliyinə tövsiyyə etdik ki, dövlət zəmanəti ilə borclar az götürülsün, buna daha çox gedilməsin.”
Deputatın sözlərinə görə, başqa təklif isə bu şirkətlərin özəlləşdirilməyə verilməsidir. Belə olduğu halda onların özlərinin öz problemlərini həll edəcəyinə ümidlər mövcuddur.
Xarici borcların ödənilməsi problem ola bilərmi?
İqtisadçı ekspertlər düşünürlər ki, dövlət zəmanəti ilə borc götürən qurumlarda ABB-ə bənzər problem yaranarsa, xarici kreditləri qaytarmaq müşkülə çevrilə bilər.
Çünki adıçəkilən şirkətlərin borcları dövlətin öz borcu qədər və ya çoxdur. Bu isə, Beynəlxalq Valyuta Fondunun təbirincə, Azərbaycan kimi, neft gəlirləri azalan ölkələr üçün kritik hədd hesab edilir.
Azərbaycan höküməti isə borcların ödənilməsini hazırda problem kimi qəbul etmir və hətta prezident İlham Əliyevin çıxışlarının birində xarici borcun bir həftəyə qaytarıla biləcəyini deyib.
“Xarici borcumuzun səviyyəsi olduqca aşağıdır – ümumi daxili məhsulun 20 faizi qədərdir. Bu da bugünkü dünya üçün bir az qeyri-adidir. Yəni, biz həmişə qazandığımızdan az xərcləməyə çalışmışıq və bizim xarici valyuta ehtiyatımız xarici borcumuzdan 5 dəfə artıqdır.”
Deputat Vahid Əhmədov deyir ki, “Azərbaycanın kifayət qədər ehtiyatı var, Maliyyə Nazirliyi bu prosesi nəzarətdə saxlayır, vaxtlı-vaxtında borclar ödənilir. Burada problemimiz yoxdur.
“O biri şirkətlərdə belə bir problem olmamalıdır, amma mən hesab edirəm ki, dövlət zəmanəti ilə alınan kreditlərin daha çox qarşısı alınmalıdır ki, bu, az miqdarda olsun”.
Oxunub: 504