Ağ Evin rəsmiləri bildiriblər ki, ABŞ prezidenti Donald Trump iyulun 6-da Polşaya səfəri zamanı Rusiya enerjisindən asılılıqlarına görə narahat olan şərqi Avropa liderlərini Amerika təbii qazını almağa çağıracaq.
Son illərdə Moskva qiymət mübahisələrinə görə qış aylarında qonşu ölkələrə qaz nəqlini bir neçə dəfə dayandırıb və bununla da regionu daha təhlükəsiz enerji mənbələri axtarmağa vadar edib.
Birləşmiş Ştatlar bu yaxınlarda ilk dəfə olaraq Polşaya maye qaz ixrac edib. Ağ Ev rəsmilərinin dediyinə görə, Donald Trump Polşa görüşü zamanı Amerika müttəfiqlərinə deyəcək ki, o ABŞ şirkətlərinin mərkəzi və şərqi Avropaya qaz nəqlinin mümkün qədər asanlaşdırılmasını istəyir.
Polşada olarkən Trump “Üç Dəniz” sammitinə qatılacaq. Bu layihə onun bir neçə iştirakçısınınAdriatik, Baltik və Qara dənizlərin sahillərində yerləşməsinə görə belə adlanır.
Üç Dəniz layihəsinin məqsədlərindən biri də maye qaz idxalı terminalları və qaz kəmərləri də daxil regional enerji infrastruktrurunun genişləndirilıməsidir. Bu təşəbbüsə Polşa, Avstriya, Macarıstan və Rusiyanın qonşuları olan Latviya və Estoniya qoşulublar.
AzadlıqRadiosu yazır ki, Birləşmiş Ştatlar burada baş verən “hidravlik parçalama inqilabı” sayəsində Avropaya böyük həcmlərdə və ucuz qaz nəql etmək imkanındadır.
Onilliklər ərzində hasil etdiyi enerjini təkbaşına istehlak etdikdən sonra Birləşmiş Ştatların 2020-ci ilədək dünyanın 3-cü ən böyük qaz ixracatçısına çevrilməsi gözlənilir.
Trump ötən həftə Birləşmiş Ştatlarda enerji istehsalının “qızıl erasını” elan edərkən demişdi ki, bu, Amerikanın Avropa və Asiyaya ixrac vasitəsilə “enerji hegemonluğu” siyasəti yürütməsinə imkan yaradacaq.
Lakin onun bu ambisiyaları Avropa bazarında Rusiyanın maraqları ilə toqquşur. Hazırda Rusiya öz iqtisadiyyatını inkişaf etdirmək və dövlət gəlirləri yaratmaq üçün tamamilə Avropa bazarından asılıdır.
Təhlilçilər bidlrirlər ki, Moskva Birləşmiş Ştatların şərqi Avropa bazarına müdaxiləsindən ciddi şəkildə narahat olacaq. Rusiya bu bazarda onilliklər ərzində hegemon mövqedə olub.
Trump Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasından dəfələrlə söz açsa da, Konqresdəki respublikaçılar onun Moskvanın Ukraynadakı təcavüzü və ABŞ seçkisinə müdaxiləsi ilə bağlı Rusiyaya qarşı sərt mövqe tutmasını istəyirlər.
Senator Cory Gardner deyib ki, Putin və Rusiyanın başqa sərt xətt-hərəkət tərəfdarları ABŞ-la münasibətlərdəki mümkün yaxşılaşmadan strateji həmlə üçün faydalanmağa çalışırılar.
Almaniyadakı Marshall Fondunun direktoru Michal Baranowski Reuters agentliyinə deyib ki, ABŞ-ın qaz ixracı Rusiya üçün ən təhdidedici Amerika siyasətidir.
ABŞ-dan qaz idxalı üçün terminal açmış Cheniere Energy Inc şirkəti ötən ay artıq ilk qaz yükünü Polşaya çatdırıb.
Amerikanın daha bir qaz ixracatçısı olan Tellurian şirkəti bu yaxınlarda Reuters agentliyinə bildirib ki, Varşavanın Rusiya ilə cari qaz kontraktı 2022-ci ildə başa çatır və şirkət həmin vaxtdan etibarən Polşanın qaz təchizatına tamamilə sahiblənməyi planlaşdırır.
Lakin bəzi təhlilçilər bu qənaətdədirlər ki, dünya bazarlarının izafi qazla dolu olması və buna görə də daha az mənfəət gətirməsi ABŞ-ın Avropa bazarlarını maye qazla təchiz etmək ambisiyasının reallaşmasını çətinləşdirir.
Rusiya qazını Avropa üçün sərfəli edən onun yaxınlığı, mövcud qaz kəmərlərivə xammalın ucuzluğudur. Lakin bəzi ekspertlərin fikrincə təhlükəsizlik narahatlıqları son nəticədə Rusiya qazından imtinaya səbəb ola bilər.
Pulitzer mükafatlı neft tarixçisi Daniel Yergin Reuters agentliyinə deyib ki, Avropa Rusiya qazı ilə maye qazın böyük rəqabət meydanına çevriləcək.
Lakin ABŞ-ın Avropa qaz bazarlarına müdaxiləsi Almaniya və Rusiyadan Baltık dənizinin dibi ilə yeni qaz kəməri çəkilişində iştirak edən bir sıra başqa Avropa ölkələrinin müqaviməti ilə üzləşə bilər.
Ötən ay Almaniyanın xarici işlər naziri Sigmar Gabriel bildirmişdi ki, ABŞ Senatının Moskvaya qarşı sanksiyalara Rusiyanın çəkilməkdə olan ŞimalAxını 2 qaz kəmərini də əlavə etməsi, ABŞ-ın özünün Avropaya qaz ixracatı ambisiyaları ilə bağlıdır.
ABŞ Dövlət Departamenti bildirmişdi ki, ŞimalAxını kəməri layihəsi arzuolunan deyil, çünki bu kəmər Avropanın Rusiya qazından asılılığını artıra bilər.
Oxunub: 152