İyulun 1-dən Gürcüstanda bütün sürücülərin sürücülük vəsiqələrinə 100 bal köçürülüb. Yol hərəkəti qaydalarının pozulmasına görə hər dəfə bu 100 baldan müəyyən qədər xal çıxılacaq. Yüzballıq limiti xərcləyib bitirən sürücülər müəyyən müddətə avtomobil idarə etmək imkanından məhrum ediləcəklər.
İyulun 1-dən qüvvəyə minmiş daha bir yenilik kontaktsız patrul xidmətidir.
Konstantin Rekhviashvili artıq beş ildir ki, avtomobil idarə edir. Bu müddət ərzində iki dəfə cərimələnib. Bir dəfə mobil telefondan istifadəyə, bir dəfə də diqqətsizliyə görə. Günün qaranlıq vaxtı şəhərdə hərəkət edərkən maşının işıqlarını yandırmağı unudubmuş. Konstantin əmindir ki, yeni sistemin tətbiqi ehtiyatlı və intizamlı sürücülər üçün heç nəyi dəyişməyəcək.
“BƏLKƏ VƏZİYYƏT DÜZƏLƏR”
Onun sözlərinə görə, yalnız qanuna əməl etməyən, aqressiv sürücülər vəsiqələrindən məhrum ola bilərlər:
«Düşünürəm ki, bu yenilik bizim sürücülərin xeyrinə olacaq. Çoxları vaxtilə sürücülük vəsiqəsini, sadəcə, satın alırdılar. Bir çoxları qaydaları pozur. Bu sistem həqiqətən də işləyirsə, onlar yüzballıq limiti keçərək yenidən vəsiqə almaq üçün imtahan verməli olacaqlar. Bəlkə yollarımızdakı vəziyyəti, heç olmasa, bu üsulla düzəltmək mümkün olar».
Qayda pozuntularına görə «ödəniləcək» balların sayı dəyişir. Məsələn, təhlükəsizlik kəmərini bağlamamış sürücü beş balından, sürəti saatda 15 – 40 km artıranlarsa 10 ballarından keçməli olacaqlar. Sürət həddini bundan da çox aşanlardan 20 bal tutulacaq.
Bundan başqa, əgər əvvəllər sürücü sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə sürücülük vəsiqəsindən altı aylığına məhrum edilirdisə, indi bu müddət iki dəfə artırılacaq. Elə 100 ballıq kapitalını xərcləyib bitirənlərə də bir il avtomobil sürmək qadağan ediləcək. Sənədlərini bu müddətdən tez bərpa etmək istəyənlərsə yenidən imtahan verməli olacaqlar.
BALLAR NƏ VAXT SİLİNMİR
Əgər qayda pozuntusu videokameraların və ya patrulsuz patrulun köməyilə qeydə alınarsa, ballar silinməyəcək. Sürücülər yalnız qayda pozuntusu zamanı saxlandıqları və polisin onları şəxsən cərimələdiyi zaman bal itirəcəklər.
Kontaktsız patrula gəlincə, küçələrdə xüsusi tanınma nişanları olmayan, foto və videotexnika, habelə sürətölçən cihazla təchiz edilmiş maşınlar peyda olacaq. Bu maşınlar yolların müəyyən hissələrində patrul nəzarəti gerçəkləşdirəcək.
«Xəbərdaredici məlumat uyğun yol nişanıdır. Bu işarə yolun kontaktsız patrul nəzarətinin həyata keçirildiyi hissəsinin başlanğıcında və sonunda quraşdırılacaq», – Gürcüstan DİN-nin iyunun 30-da yaydığı məlumatda deyilir.
EKSPERT MÜSBƏT TƏSİRDƏN DANIŞIR
«Yollarda təhlükəsizlik tərəfdaşlığı»nın nümayəndəsi Gela Kvashilava deyir ki, bu yeni təşəbbüs ümumi vəziyyətə müsbət təsir göstərə bilər. Əgər iyulun 1-dək sürücülər cərimə ödəyərək yollarda özbaşınalıq edə bilirdilərsə, indi onlar anlayacaqlar ki, yol hərəkət qaydalarını sistematik pozmaqla avtomobillərindən uzun müddətə məhrum ola bilərlər. Onun sözlərinə görə, avtomobillərin sayının ildən-ilə artdığı Gürcüstanda nəzarətin həyata keçirilməsi üçün yetərincə resurs yox idi.
«Yollara nəzarət çox çətinləşib. Çox zaman qayda pozuntuları cavabsız qalırdı. İndi patrul ekipajlarının üzərinə düşən yük müasir texnologiyaların tətbiqinə yönəldilməlidir… ki, avtomatik, vahid sistem olsun. İnkişaf etmiş ölkələrdə nəzarət, əsasən müxtəlif kameraların köməyilə həyata keçirilir. Hələlik, DİN-in bu təşəbbüsü tamamilə yenidir, ancaq ümid edirəm ki, zaman keçdikcə bal sistemi əsasən texniki vasitələrin tətbiqi ilə işləyəcək və insan faktoru ikinci plana keçəcək», – ekspert deyir.
İyulun 1-də köçürülmüş 100 bal 2018-ci il yanvarın 1-dək qüvvədə olacaq. Bundan sonra sürücülərə hər ilin əvvəlində yeni ballar köçürüləcək.
(azadliq.org)
Oxunub: 222