İyulun 4-də Azərbaycan Demokratik və Rifah (ADR) Hərəkatı Azərbaycanda məhkəmə və hüquq sisteminin mövcud durumu ilə bağlı Dəyirmi Masa keçirib.
Tədbirin təşkilatçısı ADR Hərəkatının sədri Qubad İbadoğlu qeyd edib ki, ölkədə ən vacib olan məsələlərdən biri hüquqi islahatların həyata keçirilməsidir.
Onun sözlərinə görə, hökumət xarici və yerli investorların iqtisadiyyata sərmayə yatırmasını istəyirlərsə, müstəqil məhkəmə-hüquq sistemini bərpa etməlidir.
Qubad İbadoğlu əlavə edib ki, iqtisadi inkişafı stimullaşdırmaq üçün də elə bir islahatların aparılmasına böyük ehtiyac var, ölkəyə xarici investorların cəlbi çətinləşər. Xarici sərmayədarlar əsasən 3 amilə: makroiqtisadi sabitliyə; ölkənin vergi, gömrük sisteminə; məhkəmə-hüquq sisteminə önəm verirlər.
İqtisadçı deyib ki, qanunlar mükəmməl ola bilər. Amma onun icrası üçün müstəqil məhkəmə-hüquq sistemi yoxdursa, o zaman qanunların əhəmiyyəti yoxdur.
Hüquqşünas Fərhad Mehdiyev isə bildirib ki, Azərbaycan məhkəmələrində hakim fəaliyyəti ilə bağlı problemlər yaşanır. Onun sözlərinə görə, hakim və məhkəmə sədrinin keyfiyyət göstəriciləri ürək açan vəziyyətdə deyil: “Məhkəmələrdə müstəqil hakimlərlə bağlı çətinliklər var. Onların özləri qanunu tətbiq edə bilmirlər. Hakim xarizmalı, bilikli və təcrübəli olmalıdır. Bizdə bilik deyil, korrupsiya təcrübəsi toplayırlar”.
Media sahəsi üzrə hüquqşünas Ələsgər Məmmədli isə qeyd etdi ki, qərarların icrası ilə bağlı problemlər yaşanır. Onun sözlərinə görə, məhkəmə tərəfindən qanunun tətbiq edilməməsinə min bir bəhanə tapa bilirlər: “Azərbaycanda müstəqil məhkəmə-hüquq sisteminin olması ənənəsi olmayıb. Hətta Sovet dövründə belə belə bir müstəqillik mövcud deyildi. Həmişə məhkəmələr yerli icra hakimiyyətinin icrasında olmayıb. Məhkəmə-hüquq sistemi uzun müddət təzyiq altında qalsa, ona şərait yaradılmasa bu, cəmiyyətin çöküşünə səbəb ola bilər. Problemlərin kökündə hüquq təhsilinin zəif olmasıdır. Ölkədə hüquq ixtisasısının cəmi 2-3 universitetdə keçilməsinə icazə verilir. Halbuki akademik savad və azadlıq verə biləcək hüquqşünaslar yetişdirə biləcək özəl universitetlər çoxdur”.
Onun sözlərinə görə,vəziyyət elə bir səviyyədədir ki, Avropa Məhkəməsinin qərarları belə icra olunmur.
Hüquq müdafiəçisi Məmməd Zeynalov qeyd etdi ki, məhkəmə sisteminin vəziyyəti barədə uzun danışmaq olar: “Bu danışıqlar qeybət xarakteri daşıyacaq. Əsas məsələ bizim nə edə biləcəyimizi düşünməliyik. Hökumətə mütəmadi olaraq təkliflər verilməli, islahatlara gedilməsi üçün isə cəmiyyət tərəfindən təzyiqlər edilmlədir”.
Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov da əsas problemi təhsillə bağladım. Onun fikrincə, 26 ildir ki, ölkədə normal hüquqa aid dərsliklər yazılmayıb: “Bu sahədə Qazaxıstan, Gürcüstandan başqa, hətta Özbəkistandan da geri qalmışıq. Hüquqşünaslar, vəkillər adi məlumatları belə bilmirlər”.
Ə.Həsənov əlavə etdi ki, beynəlxalq təşkilatlar, Dünya Bankı 20 ildən çoxdur ki, bizlə birgə işləmələriə baxmayaraq, hökumətə hər hansı bir qanun qəbul elətdirə bilməyiblər.
Hüquq müdafiəçisi Sədaqət Paşayeva gənc hüquqşünaslarda hüquqi düşüncənin formalaşması prosesinin mövcud olmaması məsələsinə toxunub. Hüquq klinakalarının olmamasının, mütərəqqi praktikanın tətbiq olunmamasından bəhs edib.
Vəkil Türkel Süleymanlı, hüquqşünas Aslan İsmayılov, Turan informasiya agentliyinin direktoru Mehman Əliyev, media hüququ üzrə ekspert Xalid Ağaliyev, jurnalis Əvəz Zeynallı və digər çıxışçılar da məhkəmə hüquq sistemində qarşılaşdıqları problemləri dəyirmi masa iştirakçılarının nəzərinə çatdırıblar.
Tədbirin sonunda səsləndirilmiş təkliflər əsasında tövsiyyələrin hazırlanıb tədbir iştirakçılarının uyğun bildikləri instansiyalara təqdim ediləcəyi bildirilib.
azadliq.info
Oxunub: 388