Kəndlinin əkib becərdiyi məhsuldan ondan çox alverçilər qazanır
Paytaxtdakı yarmarkalar da alverçilərin əlindədir
“Kəndlinin bazara məhsul çıxarması çox çətindir. Hər vasitə ilə bunun qarşısı alınır. Təsərrüfatla məşğulam, sahibkar sayılıram. Şəxsi maşınım da var. Bu maşınla məhsulumu aparıb sata bilərəm. Qabaqlar gedirdim də. Ancaq elə yol boyu addımbaşı alınan rüşvət qazancı əldən çıxarır. Yük maşının lisenziyası 700 manatdır. İndi baxın: mən şəxsi təssərüfatımdan məhsulumu öz maşınımla bazara aparmaq üçün Nəqliyyat Departamentinə 700 manat pul ödəməliyəm ki, onlar mənə lisenziya versin. Üstəlik, Bakıya qədər polis bir tərəfdən, yol mühafizəçiləri, departament işçiləri də bir tərəfdən yolumuzu kəsir. Hamısında da problemi – artıq yükü, maşının üstündəki baqajın “qanunsuz” olmasını, yola ziyanı – pul həll edir. Orda da bazarlar monopoliyada, gedəndə yer tapmaq olmur ki… aparıb məhsulu alverçiyə verib qayıdırıq”.
Bu sözləri Biləsuvardan olan, həm də ürəyi dolu sahibkar deyir. Onun sözlərinə görə, kənd təsərrüfatı ilə ona görə məşğul olur ki, başqa iş yoxdur. Yoxsa əvvəldən bilirsən ki, ziyan çəkirsən; məhsulu həyətdə satanda da, onu min bir əziyyət, əsəb sarsıntısı, pul hesabına bazara aparanda da. “Bostandan satanda heç olmasa əsəb gərginliyi yaşamırsan, kiminləsə mübahisə etmirsən, rüşvət vermirsən, sadəcə “aldım qoz, satdım qoz”. Zəhmətimiz özümüzə qalır”- deyir Saleh adlı sahibkar.
“İndi də pambıqçılığı atıblar ortaya, harda boş yer görürlər, əkdirirlər. Mal-qara üçün örüş qalmayıb, otlaqlar hamısı şumlanıb pambıq əkilib. Bizim boş çöllərin hamısına yiyələniblər. Özləri təsərrüfat qururlar. Yaxşı, təsərrüfatla da siz məşğul olacaqsızsa, onda bizi kənddən çıxarın, ya da yerimizi dəyişək… Hələ qışa xeyli var, ancaq yonca kipinin (pres) qiyməti indidən qalxıb. Qışda yəqin lap çətin olacaq. Camaat indidən mal-qoyununu satır. Heç olmasa payızda pambığın borclarını mal-qaranı satmaqla ödəyirdik. Ək deyirlər, sonra da əkinlərimizi suvarmağa düz-əməlli su vermirlər. Bu səbəbdən yaxşı məhsul da götürə bilmirik. Biləsuvarda 30-35 kiloqramlıq selofan kisədə xiyar 3 manata satılır. Pomidor 30-40 qəpikdir. Qarpız 10, yemiş isə 30 qəpikdir. Bununla qazanc götürmək olmur”.
Pay torpağında bostan məhsulları yetişdirən Azər deyir ki, günbəgün qiymət düşür: “Saatlıda qarpız 10 qəpikdir. Bu gün (6 iyul – R.H.)satmışam. Ancaq bir-iki günə yəqin 5 qəpiyə düşəcək. Yemiş 30, xiyar 20, pomidor 30, kartof 40 qəpikdir”. Onun sözlərinə görə, məhsulu bostanda satmaq, əslində, sərfəli deyil, ancaq bazara qədər çəkilən xərci – maşın, yollardakı “quldurlara” verilən qanunsuz pulları nəzərə alanda, yaxşısı həyətdə satmaqdır: “Belə olanda da biz də itiririk, şəhərdəki alıcılar da, qazanan alverçilər olur”.
Bakının Yasamal rayonunda yer icarəyə götürüb kənd təsərrüfatı malları satan İmran Vəliyev isə deyir ki, alıcılarla tez-tez mübahisələri düşür: “Bizə deyirlər ki, siz alverçilər qiyməti qaldırırsız. Ancaq bizdən xəbərləri yoxdur. Biz də baha alırıq, bizim də əlimiz kəndliyə çatmır. Biz də satdıqlarımızı əsasən “Meyvəli”dən alırıq. Gördüyünüz bu balaca obyektin gündəlik 50 manat xərci var. “Uçastkovı”, “postavoy”, onların rəisi, hərəsinin öz qiyməti var, vergi… biz də 5-3 qəpik qoyuruq ki, qazanaq. Adam var ədədnən pomidor alır, mən də istəyərəm ki, ucuz satım, camaat da çox ala bilsin”.
İmişlidə isə qarpız 8-10 qəpik, yemiş 30, xiyarsa növündən asılı olaraq 20-70, pomidor da növündən asılı olaraq 60 qəpiyə – 1 manata satılır. Rayon sakininin sözlərinə görə, açıq halda əkilən pomidor bazara təzə-təzə çıxır, bir neçə günə qiymətlər xeyli enəcək.
Şəxsi maşınıyla həyətləri gəzib alver edən Qabil Babyev deyir ki, bütün satdıqlarını “Meyvəli” bazarından alır. Ancaq orda malı kəndlidən yox, “optovik”lərdən alırlar. “Kəndliyə əlimiz çatmır. “Optovik”lər onlardan alıb bizə satır. Kənd təsərrüfatı mallarının satışında “Meyvəli”nin monopoliyası var. Qiymətləri onlar diqtə edir. Bahalığın səbəbi odur. Bizi də bu həyətlərdən polislər tez-tez qovur, pullarını versək belə…”- Sonra da Hacı Qara sayaq -“Allah kəssin belə alveri” – deyir Q.Babayev.
Şəhərin müxtəlif yerlərində yarmarkalar açıblar, ancaq oranı da əsasən alverçilər ələ keçirib. Yarmarkada məhsulunu satmağa ümid edib rayondan gələnlər ən yaxşı halda yarmarkanın ətrafında, günün altında yer tapa bilir. Bu da həm küçədə gediş-gəlişə mane olur, həm də satıcılar günün altında əziyyət çəkməklə yanaşı məhsullarını da yarmarka ərazisində satandan (alverçidən) ucuz satır.
Göyçaydan öz məhsulunu Dərnəgüldəki yarmarkaya gətirən kəndli ilə söhbətləşirəm. Yollarda incidilib-incidilmədikləri ilə maraqlanıram. Elə bil AzTV-yə danışır: “Allah prezidentimizin canını sağ eləsin, ucarlı balası gedəndən(Ziya Məmmədovu nəzərdə tutur – R.H.) yollarda vəziyyət yaxşıdır. Dəyib-dolaşan yoxdur.
– Kənarda niyə satırsız? Yarmarkada yer yoxdur?
– Oranı alverçilər tutub.
– Bəs niyə ora keçməyə cəhd eləmirsiz?
– Bura da yaxşıdır, ora maşın salmaq olmur, burda maşın da yaxındadır, lazım olduqca malları gətirirəm…
Belə. İl uzunu günün altında qalmaq Günəşi gəndliyə çox sevdirib, Bakıya gələndə də ondan ayrı qala bilmir, başına gün döyə-döyə becərdiyini yenə elə həmin qayda ilə, başına gün döyə-döyə satır. Alverçilərsə kölgədə, pürrəngi çay içə-içə, həm arxayın, həm də günün altındakılardan – məhsulu becərənlərdən -baha qiymətə aldıqlarını satır…
Rövşən Hacıbəyli
Oxunub: 196