Bu “ərköyün bala”nın vəziyyəti necədir?
Azərbaycanın göz muncuğu olan bir şirkəti var. Bu şirkətə el arasında “SÖKƏR” deyirlər. Yəni, söküb-dağıtmaq, çapıb-talamaq məsələsində rəqib tanımır. Bəli, ümummilli “qürur” yerimiz olan SOCAR-dan söhbət gedir. Açığı, bu şirkətdə nələrin baş verdiyini, hansı fəaliyyətin həyata keçirildiyini, ziyanla, yoxsa mənfəətlə işlədiyini tam müəyyənləşdirmək mümkünsüz olub. “Bior qalanın sirri” filmində Elşən xeyli kitab oxuyur və quşların dilini öyrənir, belinə sehrli kəmər tapır. Amma biz nə qədər çalışsaq da, nə qədər oxusaq da “Bir SOCAR-ın sirri”ni çözə bilmirik. Bu şirkətlə bağlı yayılan xəbərlər ziddiyyətlər bolluğu yaradıb. SOCAR-la bağlı xəbər başlıqlarına birlikdə nəzər salaq:
“31 dekabr 2016-cı il tarixində SOCAR-ın gəlirləri 51, 905 milyar manat təşkil edib”, “SOCAR 1,4 milyard manatlıq kredit cəlb edib”, “SOCAR İsveçrədəki fəaliyyətindən 40 milyard manat gəlir əldə edib”, SOCAR-ın ABB-dəki depozit portfeli 1.3 milyard manat azalıb”, “SOCAR Gürcüstandakı törəməsində payını 16 faiz artırıb”, “SOCAR-ın 7 milyard borcu var”, “SOCAR-ın borcu Azərbaycanın dövlət borcundan çoxdur”.
Məlum “gözmuncuğu” ilə bağlı xəbərlərin siyahısını artırmaq da olar. Amma bunlar da kifayətdir və müəyyən təsəvvür yaradır. Göründüyü kimi bir tərəfdən milyardlar qazanan qurum, o biri tərəfdən milyardlıq borc altına girir. Bu qurumun hansı meyarlarla fəaliyyət göstərdiyini, qazandığını və xərclədiyini necə müəyyənləşdirdiyini tapmaq müşkülə çevrilib. Ümumiyyətlə, bu qədər vəsait əldə edən qurum, niyə borc bataqlığında sürünməlidir? Bu qurum Göy göz Kosanın tilsimindən niyə xilas ola bilmir?
123 milyard dollar vəsaiti qəbul edən nəhəng bir şirkət, niyə “SÖKƏR” kimi tanınmalıdır? Gah mənfəətlə, gah zərərlə işlədiyini eşitdiyimiz qurumun rəhbərləri isə mövsümdən, böhrandan asılı olmayaraq inkişaf edirlər. Biri Mayamidə mülk alır, o birinin səsi Ankaradan gəlir, biri xarici qonaqlara bahalı hədiyyələr bağışlayır və.s
Amma biz bu “ərköyün bala”nın səhhətindən tam arxayın olmaq istəyirik. Yayılan xəbərlərin, deyilən sözlərin hansı həqiqətdir? SOCAR sökür, yoxsa sökülür? Bir qurumun taleyində bu qədər ziddiyyət olmaz axı.
Bizi nigaran qoymayın, vəziyyətiniz necədir?
İlham
Oxunub: 372