Azad İsazadə: “Ailədaxili gərgin vəziyyət, tərbiyə və mədəniyyətin zəif olması cinayətlərə səbəb olur”
Son günlər ölkədə baş verən görünməmiş qətl hadisələri cəmiyyətdə dərin narahatlıq yaradıb. Qohum-tanışlarının evindən oğurluq etmə, xırd mübahisələr üstündə baş verən cinayətlərin miqyası belə qətllərlə daha da böyüyüb. Ailədaxili münaqişələr öz müstəvisindən çıxaraq artıq başqa bir forma alıb. Ağır qətl hadisələri, boşanan ailədə ərin keçmiş həyat yoldaşını öldürməsi isə insanlarda müəmma, anlaşılmazlıq yaradıb. Artıq bir ailənin üzvü olmadığı halda keçmiş həyat yoldaşına qarşı hansısa aqressiyanın qətllə nəticələnməsi məsələsi bunun səbəblərini aramağa vadar edir.
Psixoloq Azad İsazadə ailədaxili münaqişələr nəticəsində baş verən cinayət əməllərinin həmişə olduğunu deyir. Psixoloqa görə, əvvəllər belə hadisələr çox ictimailəşdirilmirdi. Ona görə də hadisələrin sayı az kimi görünürdü:
“Necə deyərlər, belə hadisələrdən xəbərimiz olmurdu. İndi isə bütün hadisələr baş verən kimi ictimailəşdirilr və hamı xəbərdar olur. Deyərdim ki, hazırda cəmiyyətdə aqressiya çoxalıb. Bu aqressiya isə nəticədə adam öldürməklə, cinayətlə sona çatır. Hadisələrin baş verməsi cəmiyyətdəki stereotiplərə bağlıdır. Bizim ailələrdə oğlan uşaqlarını daha çox özünü başçı, lider kimi aparması üçün tərbiyə edirlər. Bu hissiyyat ailə quranda da davam edir. Kişi özünü ailədə rəhbər hiss edərək əmrlər verir və ailənin qalan üzvlərinin ona qeyd-şərtsiz əməl etməsini istəyir. Ailədaxili gərgin situasiya paralel olaraq tərbiyə və mədəniyyət zəif olanda cinayətlərə rəvac verir. Hətta ailə boşanıbsa və kişi ilə qadını eyni yol birləşdirməsə də, kişi özünü şüuraltı olaraq yenə də başçı hesab edir. Ona görə də keçmiş ailəsinə qarşı hiss etdiyi, duyduğu aqressiyadan belə cinayətlər, qətllər baş verir”.
azadlıq.info
Oxunub: 424