Eldəniz Quliyev
“Üç nəfər kor qocanın yoluna fil çıxır. Onlar maneəni keçmək üçün bunun “nə” olduğunu anlamağa çalışırlar. Filin qarşısında dayanan qoca ehmalca onun xortumuna toxunur və: “- Deyəsən bu, ilandı…”,- deyir. Digəri filin ayağını əlləşdirib: ” – Yox, bu qalın bir dirəkdi”,- deyir. Üçüncü qoca isə filin quyruğundan yapışır və: ” – İlan nədi,dirək nədi?..- deyir.- Bu, adicə kəndirdi!..”
Bu pritçanı niyə xatırladım?..
Bizlər də, eynən o kor qocalar kimi, yolumuzu “nə”yin kəsdiyini anlaya bilmirik. Bəzən heç anlamaq da istəmirik. Hərəmiz, öz avazımızla öz havamızı çalır, hərəmiz, öz qazanımızda qaynayır, öz vedrəmizi danqıldadır və öz hikkəmizdə üzürük…
Filin quyruğunu kəndir bilənlər, həmin kəndiri sabunlayıb özünü (ya qeyrilərini) asmaq xəyalları ilə yaşayır… Xortumu ilan bilənlər “ilan ulduz görməsə ölməz” deyibən, göy qübbəsinə baxa-baxa, işini ulduz gözləməklə bitmiş hesab edir… Filin ayaqlarını dirək sananlar isə, altdan-altdan, nə vaxtsa o dirəkdən qəşəng bir dar ağacı qurulacağını düşünür… “Kimlər üçün? Nə üçün?”-bunun dəxli yoxdu…
Filin isə heç vecinə də deyil,- durduğu yerdə durub da durur!..
Şəxsən mən, M.Qandinin müdrik fikirilə razılaşmaya bilmirəm: “ƏDALƏTSİZ REJİMİ ƏDALƏTLƏ DEVİRMƏK LAZIMDIR”.
Bunun üçünsə,sadəcə, fili bütöv formada, yəni onun ayaqlarını, xortumunu, quyruğunu və…əlbəttə ki, gövdəsini kompleks halında görmək lazımdır.
Oxunub: 416