Son bir ay ərzində Özbəkistanda ətin qiyməti 20 faiz bahalaşıb. Bu gün ölkə bazarlarında bir kiloqram mal ətinin qiyməti 28 min som (8,40 dollar), bir kilo qoyun ətinin qiyməti isə 33 – 38 min som (10 – 11,40 dollar) təşkil edir. Ölkəiçi mənbələrin sözlərinə görə, supermarketlərdə ət bundan da bahadır. Qəssablar bu qiymət artımının səbəbini mal-qaranın bəslənməsi üçün zəruri olan yemin bahalaşmasında görürlər.
SÜMÜKSÜZ ƏT 11 DOLLARADIR
Ötən həftə Daşkənddə ətin bahalaşması ölkənin əyalətlərində də ətin qiymətini kəskin artırıb.
“Cəmi bir həftənin içində ət səkkiz min som (2,40 dollar) bahalaşıb. Bazarda sümüklü ətin kiloqramını 33 min soma (10 dollar) almaq olur. Sümüksüz ətinsə kilosu 38 min soma (11,40 dollar) satılır”, – deyə Əndican vilayətinin Asaka rayonunda yaşayan təqaüdçü Azadlıq Radiosunun özbək xidmətinə bildirib.
Mənbələr radioya bildiriblər ki, ölkənin supermarketlərində sümüklü ət bundan da bahadır.
Paytaxt Daşkənddə ətin qiyməti hələ ötən ay artmağa başlayıb.
“«Korzinka» supermarketlər şəbəkəsində bir kilo sümüklü ət 38 min somdan bahadır. Sümüksüz ət almaq istəsəniz, daha baha başa gələcək. Buna görə də əti kiloyla yox, qramla almağa məcbur oluruq. Başqa çıxış yolumuz yoxdur”, – deyə Daşkənddə yaşayan təqaüdçü Mastura xanım gileylənir.
MAL-QARA AZALIR, YEM BAHALANIR
Ət satışıyla məşğul olan Bunyodbek adlı sahibkarsa deyir ki, ətin qiymətinin bu qədər qalxmasının əsas səbəbi mal-qaranın yetişdirilməsi üçün zəruri olan yemin bahalaşmasıdır.
“Əgər siz qəssablardan ətin bahalaşmasının səbəblərini soruşsanız, deyəcəklər ki, bu, iribuynuzlu mal-qaranın sayının azalmasıyla bağlıdır. Bir də deyəcəklər ki, yem bahalaşıb. Hazırda kəpək və jmıx əldə etmək çox çətindir. Bundan başqa, bu il quru otun da qıtlığı müşahidə olunur. Cənub bölgələrindən iribuynuzlu malqaranın gətirilməsi azalarsa, ətin qiyməti yenidən qalxa bilər”, – deyə sahibkar bildirib.
Buna da bax: Özbəkistanda kommunal borcu olanı həccə qoymayacaqlar
Müşahidəçilər hesab edirlər ki, daxili amillər, daha dəqiq desək, özbək valyutasının ABŞ dollarına nəzərən dəyərsizləşməsi də ətin qiymətinin bahalaşmasına təsir edir:
“Hazırda valyuta mübadiləsinin aparıldığı «qara bazarda» 1 ABŞ dolları 8,5 min soma satılır. Dollar daha da bahalaşsa, ətin qiyməti də buna uyğun qalxacaq. Qazaxıstan və Qırğızıstandan ət valyutayla gətirildiyindən çox baha başa gələcək. İndi Özbəkistanda ətin kilosu, demək olar ki, 5 dollara satılır. Bu qiyməti valyutada hesablayanda bizdə ətin o qədər də baha olmadığı görünəcək. Ancaq axı özbəklər məvaciblərini somla alırlar. Buna görə də, orta aylıq maaşı 500 min som (59 ABŞ dollarına yaxın) olan insanlar üçün ət almaq çox çətindir”, –deyə Əndicandan bir sahibkar AzadlıqRadiosuna bildirib.
XÜSUSİ FOND VƏ DÜKANLAR YARADILIB
Qeyd edək ki, bundan öncə yerli hökumət ətin qiymətini nizamlamağa cəhd göstərmişdi.
Paytaxtın və ölkənin bəzi regionlarının bazarlarında daha ucuz ətin satıldığı xüsusi dükanlar qurulmuşdu. Ancaq bu inzibati yanaşma, hələlik, gözlənilən nəticəni verməyib.
Bundan başqa, ötən ay prezident Shavkat Mirziyayev daxili istehlak bazarında qiymətlərin sabitləşdirilməsinə kömək fondunun yaradılması haqda göstəriş verib. Fondun vəsaiti daxili istehlak bazarında qymətlərin kəskin dəyişməsi zamanı yaranan fərqi yumşaltmağa yönəldiləcək.
Yaradılacaq respublika və ərazi komissiyaları isə əsas ərzaq növlərinin qiymətlərini monitorinq edəcək və onlara nəzarəti gerçəkləşdirəcək.
Oxunub: 770