Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucov avtoxuliqanlığa görə həbs edilib. O, əvvəllər də yol hərəkəti qaydalarını dəfələrlə pozduğuna görə avtomobil idarə etmək hüququndan məhrum edilibmiş . İyulun 3-də isə qanunsuz şəkildə 10-OG-300 nömrəli BMW-nin sükanı arxasına əyləşərək qaydaları yenidən pozub.
Azərbaycan Baş Prokurorluğu Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Rüstəm Orucov yol hərəkəti qaydalarını pozduğunu ona irad tutan avtobus sürücüsünə hücum edib, döyməyə başlayıb və beləliklə, qatı xuliqanlıq hərəkətləri edib.
Novruzəli Orucovun oğlu Rüstəm Orucov 2014-cü ildə piyadanı vuraraq cinayət yerindən qaçmışdı. O zaman onu tutub 4 il azadlıqdan məhrum etmişdilər. Cəza müddətinin üçdə biri tamam olanda R.Orucov vaxtından əvvəl şərti azadlığa çıxdı və zamində ola-ola yenidən cinayət törətdi.
İyulun 4-də Binəqədi Rayon Polis İdarəsi R.Orucov barəsində Cinayət Məcəlləsinin 221.2.1 maddəsi üzrə cinayət işi açıb. Məhkəmənin qərarı ilə avtoxuliqan həbs olunub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun hərbi xidmətdə olub-olmadığı məlum deyil.
Son məlumata görə, Novruzəli Hüseyn oğlu Orucov Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilib.
azadliq.info
Oxunub: 730