Ərdoğanın qarşılıqlı iddiaları yarana bilərmi?
Bu gün, iyul ayının 10-da İstanbulda 23-cü Dünya Enerji Kongresi toplanıb. Bu toplantı barədə rəsmi xəbər yayan Azərbaycan KİV-lərində Konqresin 23- cü olduğu gösətrilib. Hərçənd, Türkiyədəki bütün xəbərlərdə toplantının 22-ci Konqres olduğu göstərilir. Biz başqalarından həmişə bir addım irəlidə olduğumuza görə bu cür tədbirləri də bir nömrə qabağa ata bilərik. Ya da hesab edək ki, Türkiyə bizdən geridə qaldığı üçün onlarda «22» olan bizdə avtomatik olaraq «23»-ə çevrilir. Amma əsas məsələ bu deyil. Bir konqres 22-də ola bilər, 23-də.
Adından və familiyasından da göründüyü kimi “Yeni üfüqlərə qucaq açmaq” devizi altında keçirilən 22-ci Dünya Enerji Konqresi beynəlxalq konqresdir, orada dünyanı qucaqlamaq istəyən liderlər, dövlət başçıları iştirak edib. Deyəsən, siyasi ab-havaya uyğun qaydada Konqresin nümayəndələri sırasına düşə bilməyəcək bir- iki dövlət başçısını da şəxsən Rəcəb Tayyib Ərdoğan öz adından, ev sahibi kimi dəvət eləyib. Azərbaycanın rəsmi KİV-lərinin, o cümlədən hətta AzərTac-ın yaydığı xəbərdə də deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, Venesuela Prezidenti Nikolas Maduro Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvəti əsasında iştirak ediblər.
Nikolas Maduro lap yerinə düşür. Bu da əsas məsələ deyil.
Əsas məsələ, İlham Əliyevin bu beynəlxalq tədbirdə ailə-traybalist təsəvvürləri ilə çıxış etməsidir. Azərbaycanda hər şeyin bir ailənin cəm edildiyi, artıq bəllidir. İndi elə bir kövrək- ağlamalı zamandır ki, bunu hətta Ramiz Mehdiyev də təsdiq edər ki, indi Azərbaycanda bütün səlahiyyətlər, inzibati və maddi sərəncam haqları bir ailənin inhisarına keçib. Bu keçid dövrü başa çatıb.
Amma elə həmin bu keçid dövrünün başa çatmasından təsirlənən İlham Əliyev hesab edib ki, Azərbaycanda hər şey bir ailənin, yəni onun ailəsinin səlahiyyətləri müstəvisinə təslim edilibsə, bu oqvatla da növbədə olan Türkiyəyə də iddia edə bilər. Əlbəttə, indi İlham Əliyev o havada deyil ki, Türkiyəni də fəth edib oradakı bütün matiral- maliyyə ehtiyatlarına və potensial korrupsiya şəbəkələrinə əl qoya bilsin. Türkiyənin başında acıqlı Ərdoğan dayanır və onun səlahiyyətlərinə əl qatanları heç xoşlamır. Amam İlham Əliyev də «hədiyyə» deyil. O da öz istəklərini reallaşdırmaq üçün israrlı və inadkar təbiətlə başqa variantlara əl atmaqdadır. Məsələn, buu çıxış fraqmentinə baxın: «Bakı-Tbilisi-Ceyhan boru xəttini əziz qardaşım, hörmətli Prezident Ərdoğanla birlikdə 2006-cı ildə açdığımız andan bu günə qədər…». Burada diqqətinizi mütləq «əziz qardaşım Ərdoğan» ifadəsinə atın. Ciddi, beynəlxalq, rəsmi, Amerikadan zada qədər, yəni lap Bolqarıstana qədər bir çox ölkələrin ən yüksək səviyyədə təmsil olunduğu bir tədbirdə «Əziz qardaşım filankəs» ifadəsini çıxışın ritorikasına və mətninə daxil etmək iki müxtəlif məqsəddən ibarət ola bilər. Ya da, hətta üç məqsəddən. Birinci məqsəd budur ki, «mən burada yad adam deyiləm». Bu ritorika hətta Ərdoğanın şəxsi dəvətilə tədbirə qatılan Nikolas Maduro, Vladimir Putin kimi dövlət başçılarına da mesajdır ki, mən burada sizdən daha vacib personayam və şəxsi dəvətdən artıq səviyyədə şəxsi münasibətlərimiz var. İkinci məqsəd budur ki, İlham Əliyev bu rəsmi tədbirdə Tayyib Ərdoğanı özünün qardaşı elan etməklə demək istəyir ki, Türkiyə də bizim ailə sərvətlərimizin hüdudları daxilinə alınmış ölkədir. Üçüncü məqsəd isə bəlli deyil. Əgər İlham Əliyev özünün balaca çıxışında cəmi bircə dəfə «əziz qardaşım Ərdoğan» ifadəsini işlətsəydi, belə başa düşmək olardı ki, bu sözlər sadəcə olaraq, təsadüfi səmimiyyətin ifadəsidir. Amma çıxışının sonuna yaxın, o, eyni sözü səmimiyyətin təsadüfi ifadəsi kimi yozulmayacaq şəkildə işlədib. Bununla həm də, çıxışının sonunda sanki Putinə və Maduroya da acıq verərək, eləcə də Tillersona nümayiş etdirərək deyir ki, buralar mənlikdir, «Mən dördüncü dəfədir ki, bu il Türkiyəyə səfər edirəm və əziz qardaşım Rəcəb Tayyib Ərdoğan da Azərbaycana səfərlər edir…». (Sonuncu səfər, yüzdə yüz, rəsmi səfər olmayıb və saçını yeni dəblə kəsdirib qayıtdığı zamandır).
Bu «qardaş» söhbəti ciddi traybalist təfəkkür ürünü olmalıdır. Amma söhbətin təhlükəli davamı ola bilər. Axı, Tayyib Ərdoğan yaşca İlham Əliyevdən böyükdür və əgər o, İlham Əliyevin «qardaşım» söhbətinin başına ip salsa, o zaman İlham Əliyevin hətta Azərbaycan üzərində irsiyyət hüquqlarına da ciddi xələlə gələ bilər.
Mən bu nəticələri çıxara bildim. Sizcə, o qədər rəsmi və o qədər qeyri-poetik problemə həsr edilən bir konqresdə Əliyevin bu «qardaş tapıntısının» hansı başqa nəticələri, yaxud, səbəbləri ola bilər?..
Azad Akifoğlu
Oxunub: 1234