Bakı Ağır Cinayətlər Məhkəməsində bloger Aleksandr Lapşinin işi üzrə iyulun 11-nə təyin edilmiş növbəti məhkəmə iclası baş tutmayıb. Buna səbəb Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Almaz Bayramovanın prosesə gəlməməsi olub.
İclasda hakim Əlövsət Abbasov bildirib ki, Məhkəmə-Tibbi Ekspertiza Mərkəzindən ekspert Bayramovanın məzuniyyətdə olduğu və onun iyulun 12-də iştirak edə biləcəyi haqqında cavab gəlib. Bununla əlaqədar iclas 12 iyul saat 14:00-a keçirilib.
Şahid-ekspert Bayramovanın çağırılması haqqında vəkil Eduard Çernin vəsatət qaldırmışdı.
Vəkilin Turan agentliyinə verdiyi məlumata görə, Bayramova Lapşinin nəşrlərində ərazi bütövlüyünə qarşı çağırışlar olduğu barədə rəy verib.
Bununla əlaqədar olaraq müdafiə tərəfi eksperti dinləmək və hansı əsaslarla bu nəticəyə gəldiyi haqqında izahat verməsini xahiş etmək istəyir.
Buna qədər prosesdə 11 şahidin – Şuşa rayonunda məcburi köçkünlərin dindirilməsi yekunlaşıb.
Şahidlər bildiriblər ki, onların doğma yurdlarına səyahət edən və oranı Ermənistan torpaqları kimi qələmə verən Lapşinin hərəkətləri onları təhqir edib. Onlar Lapşinin separatçı rejimin fəaliyyətini təqdir edən nəşrləri ilə işğalın davam etməsinə şərait yaradır və onların doğma yurdlarına qayıtmasına mane olur.
Lapşin özü Dağlıq Qarabağa turist kimi getdiyini və azərbaycanlıların əleyhinə olmadığını, Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini qeyd edib. (turan)
Oxunub: 60