Tacikistan prezidenti Emomali Rahmon ölkə vətəndaşlarını saqqal saxlamamaq və hicab geyməməyə çağırıb.
Azadlıq Radiosu Tacikistan xidmətinin məlumatına görə, o iyulun 11-də Düşənbədə çıxış edərkən 10 il bundan əvvəl ölkədə qəbul edilmiş “Adət-ənənələr, bayram və mərasimlərin tənzimlənməsi haqqında” qanunun rolunu yüksək qiymətləndirib.
Rahmonun sözlərinə görə, qadınların hicab və qara paltar geymələri milli ənənələrə uyğun deyil, saqqal isə dinin mütləq işarəsi demək deyil.
Prezident insanları, xarici atributlarla özünün düzgünlüyünü göstərməyə çalışmaqdansa, ürəkdən ibadət etməyə çağırıb.
Emomali Rahmon deyib ki, vətəndaşlar “əsil tacik mədəniyyətini” qoruyub saxlamalı, internet vasitəsi ilə yayılan özgə mədəniyyət və ənənələrə qarşı olmalıdırlar.
Qeyd edək ki, Tacikistan hökuməti dəfələrlə ölkədə sivil prinsiplərin gücləndirilməsinə çağırıb.
Hazırda müsəlman ölkəsi olan Tacikistanın 8 milyon əhalisi var.
Tacikistan hökuməti bundan əvvəl məktəblərə baş örtüyündə gəlməyi və uşaqların məscidə getməsini qadağan edib.
Yaxın bir neçə ay ərzində isə xarici müsəlman ölkələrindəki təhsil müəssisələrindən ölkəyə minlərlə tələbə qaytarılıb.
Bu, Tacikistan vətəndaşlarının İraq və Suriyadakı yaraqlılara qoşulmaları ilə bağlı hakimiyyətin yaydığı məlumat fonunda baş verir.
Oxunub: 392