Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, iclasda Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov ifadə verib. O, istintaq zamanı verdiyi ifadənin bir hissəsini təsdiq etməyib. Bildirib ki, Sübahir Qurbanov və Teymur Quliyevə pul verməyib: “Mən rəhbərliyin göstərişi ilə MTN-ə pul göndərmişəm. Gəlib pulu götürən adamı da nazirlik əməkdaşı kimi tanımışam. Onların kiminsə sürücüsü olmasından xəbərim olmayıb. Cəmi üç-dörd dəfə pul göndərmişəm. İttiham aktında yazıldığı qədər pul göndərməmişəm və orada yazılan məbləğ həqiqəti əks etdirmir. Teymur Quliyevlə qonşu olmuşam, axşamlar çıxıb parkda gəzmişik. Lazım olsaydı orada pul verərdim, sürücü ilə niyə göndərirdim? Mən heç kimə rüşvət verməmişəm. Bizim onlara heç bir tabeçiliyimiz, əlaqəmiz olmayıb, nəyə görə onlara pul verməliyidim? İstintaq zamanı mənim otağımdan qeydlər olan bloknotları götürüblər, lakin işə əlavə etməyiblər. Əgər etsəydilər hər şey aydın olardı. Mənim səhvim onda oldu ki, istintaq zamanı ifadə verəndə nazirliyə pul göndərdiyimi dedim. Bilsəydim başıma bu oyun gələcək heç deməzdim”.
Daha sonra iclasda bir neçə şahid ifadə verib.
Məhkəmə iclası iyulun 18-də davam edəcək.
Oxunub: 504