Əli Həsənovun nəvəsinin dəhşətli qəza törətməsi və bu hadisənin hakimiyyəti çətin vəziyyətə salmasına AXCP sədri Əli Kərimli Facebook səhifəsində münasibət bildirib.
“İlham Əliyev çətin seçim qarşısındadır. Bilmir necə etsin – YAP-dakı müavini, baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovu işdən çıxarsınmı, yoxsa yox? Bir tərəfdən başa düşür ki, qudurğanlıq edən məmur övladlarının valideynlərini cəzalandıracağına dәfәlәrlә xalqın qarşısında söz verib vә indi bunu etməmək xalqın onsuz da ona olmayan inamını tam olaraq bitirəcək. Əli Həsənovu işdən çıxarmasa, gərək “ərköyün, qudurğan, aftoş məmur övladları” mövzusunda daha heç vaxt danışmasın. Əksinə, cəmiyyət tam əmin olacaq ki, bütün azğın, qudurğan məmur övladlarının da əsl dayağı elə İlham Əliyevin özüdür. O biri tərəfdən də fikirləşir ki, axı Əli Həsənov rejimə siyasi vә ya maliyyə xəyanəti etmәyib, onu yalnız ictimai rəyin təzyiqilə cəzalandırsa, bu, onun zəifliyi olacaq. Etiraf etmiş olacaq ki, ictimai rəylə hesablaşır. Siz səhv salmayın, demokratik liderlər üçün xalqla hesablaşmaq komplimentdirsə, avtoritar liderlər üçün bu, zəiflik, acizlik, sonun başlancığıdır. Onlar inanır ki, xalqla hesablaşmaq olmaz, əks təqdirdə, xalqın ayağı yer alar, başqa hüquqlar da tələb edər. Onların düşüncәsinә görә, xalqa aşılamaq lazımdır ki, o heç kimdir və onun nә fikirlәşmәsi heç nəyi həll etmir. Bəli, bu, İlham Әliyev üçün çətin seçimdir. Ya xalqa verdiyi sözü tuta bilməyəcək, ya da xalqla, ictimai rəylə hesablaşdığını etiraf edəcək”.
Oxunub: 2258