AXCP sədri Əli Kərimlinin 3 il əvvəl feysbuk səhifəsindən paylaşdığı bu yazı günümüzlə tamamilə səsləşir. Həmin yazını təqdim edirik:
“Bu millətdən ötrü dəyməz!”. Nə qədər eşidirik, oxuyuruq bu sözü? Mənim aləmimdə isə bu sözlər biganəliyə, qorxaqlığa, iradəsizliyə haqq qazandırmağın simvolu kimi səslənir. Bu millətə yaşadılan acılar bəs deyil ki, indi də özünü demokrat adlandıranlar millətə yuxarıdan aşağı baxıb, onu ittiham etməyə başlasın?
Axı bu hamıya məlumdur ki, rejimlər millətlərin xüsusiyyətlərini ciddi şəkildə dəyişə bilirlər. Dünyanın kifayət qədər inkişaf etmiş xalqlarının da təcrübəsində bunu görə bilərik. Şərqi Almaniya ilə Qərbi Almaniyanın mentalitetində cəmi 40 ilin ərzində yaranmış böyük fərqi izah etmək lazımdırmı? Şimali Koreya ilə Cənubi Koreya arasında yaranmış uçurumu görmürükmü? Bir tərəfdə rejimin 21-ci əsrdə praktiki olaraq sürüyə çevirdiyi zavallı şimali koreyalılar, digər tərəfdə isə texnoloji inkişafına görə Avropa ilə ayaqlaşan, nəhəng Rusiyanın ÜDM-nə yaxın ÜDM-i olan, demokratik Cənubi Koreya. Cənubi koreyalıların nailiyyətlərini görüb, necə bu millətə yuxarıdan aşağı baxa bilərik? Amma o da həqiqətdir ki, eyni millətin şimalda yaşayanlarına hətta biz də acıyırıq.
Bugünlərdə isə gözümüzün qabağında daha bir təsirli nümunə yaranır. Honq Konqda ardıcıl və inadla öz haqları uğrunda mübarizə aparan çinliləri bir partiyalı sistemlə, totalitar idarəetmə ilə barışmış digər 1,5 milyard çinli ilə müqayisə edin. Mən hələ Tayvanda, Sinqapurda həmin çinlilərin əldə etdiyi nailiyyətlərdən danışmıram.
“Bu millətdən ötrü dəyməz!” deyən dost, niyə hesab edirsən ki, rejimin formalaşdırdığı yaltaq, saxtakar, vicdansız, oğru, üzəduranlar dəstəsi bu millətin simasıdır? Niyə hesab edirsən ki, vəzifəlinin, pulu çox olanın qabağında quyruq bulayan, özündən daha zəiflərə isə zülm edən namərdlərdir bu millətin sifəti?
Mən əksini düşünürəm. Hesab edirəm ki, indicə sadaladığım tiplər qeyri-təbii fəlakətin nəticəsində yaranmış anomaliyalardır. Millətin içindən gəlmir, çətinliklə də olsa, keçəcək, müalicə oluna biləcək. Çünki mən bu millətin zülmün müdaxiləsi olmayan zamanlarda gerçək kimliyini görmüşəm. 18 gecə və gündüz 100 minlərlə azərbaycanlının Azadlıq Meydanında “Azadlıq, Ədalət, Qarabağ!” hayqırdığını, dünyada ilin xalqı elan olunduğunu yaxşı xatırlayıram. Bakıda 1-ci və 2-ci könüllülər batalyonuna yazılmaq üçün böyük növbələri unutmamışam. 1989-cu ildə BDU və Politexnik İnstitutu tələbələri arasından Qubadlı və Laçının müdafiəsi üçün 90 nəfər könüllünü dostlarımla birlikdə cəmi bir neçə günə topladığımızı yaxşı xatırlayıram. Hələ rayonlarımızın formalaşdırdığı 33 könüllü batalyonda (hakimiyyətə gəldikdən sonra Heydər Əliyev hamısını bir fərmanla “cəbhə batalyonları” adı ilə buraxdı) ermənilərlə şir kimi vuruşan, Dağlıq Qarabağın 40 faizini düşməndən azad etmiş igidləri demirəm. Bəs o minlərlə şəhid olan igidlər hansı millətin nümayəndələri idi? Onlar şəhid olanda “Bu millət üçün dəyər, yoxsa dəyməz?” hesabı apardılarmı? Ona görə də mən inanıram ki, Ramiz Qəmbərov, Şirin Mirzəyev, Asif Məhərrəmov (Fred Asif), Əliyar Əliyev, Allahverdi Bağırov və daha 100 nəfərdən artıq (hazırda məqsədli şəkildə unutdurulan) gerçək Milli Qəhrəmanlarımızın milləti üçün mübarizə aparmağa da, hər cür fədakarlıq etməyə də dəyər!
Əminəm ki, “Bu millətdən ötrü dəyməz!” sözləri Həsən bəy Zərdabinin, Mirzə Cəlil Məmmədquluzadənin, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoylunun, Əlimərdan bəy Topçubaşovun, Səttar xanın, Şeyx Məhəmməd Xiyabaninin, Əbülfəz Elçibəyin və adlarını saya bilməyəcəyim, ömürlərini şam kimi bu millət üçün yandırmış yüzlərlə böyük vətənpərvər azərbaycanlının ruhunu incidir.
Bir anlıq xatırlayın, onlar həyatlarını bu millətin nicatına həsr edəndə millətdən qarşılıq tələb etdilərmi? Millətdən dəstək sözü aldılarmı?
“Bunların hamısı tarixdir. Mən millətin bugünki aciz durumundan bəhs edirəm. Hazırkı aciz durumda olan millət üçün fədakarlıq etməyə dəyməz” deyən dost, sənə cavab verirəm. Sən millət üçün fədakarlıq edəndə heç adlarını belə çəkməyə layiq bilmədiyim məxluqları düşünmə. Hansı millətdə yoxdur ki, onlar? Yaxşıları düşün! Elmar Hüseynovu, Mübariz İbrahimovu, millətinin daha aydın sabahlara qovuşması üçün siyasi məhbus həyatı yaşamalı olmuş vicdan məhbuslarını düşün! İllərlə işsiz, pulsuz qalsa da yolundan, mübarizəsindən dönməyən, həbs olunmaq təhlükəsi ilə çiling-ağac oynayıb, lakin mübarizə meydanını boş qoymayan, ilin-günün bu vaxtıda belə etiraz mitinqinə gələn minlərlə mətin azərbaycanlını düşün! Ətrafda müşahidə etdiyi hər cür rəzalətə rəğmən, mübarizə yolunu – azadlıq və ədalət yolunu seçən Azərbaycan gəncliyini düşün! O zaman görəcəksən ki, bu millət üçün hər cür fədakarlığa dəyər.
Bu millət onun üçün mübarizə aparanları qoruya bilmədisə də, onları hər zaman sevdi.
Әli Kәrimli, 20 oktyabr 2014
Oxunub: 1212