Vəkil Əsabəli Mustafayev bu gün Binəqədidəki cəzaçəkmə müəssisəsində gənc fəal Rəcəb Hüseynli ilə görüşüb. Bununla bağlı facebook hesabında status paylaşan vəkil eyni zamanda orada saxlanılan başqa cəbhəçilərlə də görüşdüyünü yazır:
“Bu gün gənc fəal Rəcəb Hüseynli ilə görüşdüm. Deməsinə görə, bu ayın 15 və ya 16-da yaşadığı Saatlı rayonundan ailəsilə birgə Biləsuvara qaynatasıgilə qonaq gedib. Oktyabrın 17-də Saatlı polisindən onun mobil telefonuna zəng edərək güya telefon tapdıqlarını və bu telefonun ona məxsus olmasını ehtimal etdiklərindən şöbəyə dəvət edibşlər. Cavabında Rəcəb heç bir telefon itirmədiyini, lakin vacibdirsə 2-3 günə rayona qayıtdıqdan sonra şöbəyə gələcəyini bildirib. 18 oktyabr tarixdə axşam radələrində 4 nəfər mülki geyimli polis əməkdaşı Rəcəbin Biləsuvarda qaldığı evə gələrək telefon barədə izahat yazmalı olduğunu bildiriblər. Polislər ona təklif ediblər ki, özlərinin gəldikləri avtomaşına minərək orada izahat yazsın. Rəcəb avtomaşına minən kimi onu Biləsuvar polis şöbəsinə aparıblar. Rəcəbin tutulma anını həmin vaxt evdə olan 4-5 nəfər görüb. Sonra Rəcəb Saatlıdan gələn polis əməkdaşlarına təhvil verilib. Həmin polislər isə Rəcəbi gecəylə Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər. Gecəni idarənin zirzəmisindəki kamerada saxlayıblar. Həm gətiriləndə, həm də səhəri onunla “siyasi cəhətdən islahedici” söhbətlər aparıblar. Sonra isə protokol tərtib olunub ki, güya Rəcəb 18 oktyabr tarixdə saat 21 radələrində (halbuki həmin radələrdə o, polislər ilə birlikdə hələ yolda idi) Nərimanov parkında içtimai qaydanı pozub. Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə (xırda xuliqanlıq) təqsirli bilərək barəsində 10 gün inzibati həbs cəzası seçib. Rəcəb 28 oktyabr saat 21-də azadlığa çıxmalıdır.
Bu gün eyni zamanda ayaqüstü olsa da həmin məntəqədə cəza çəkən Füzuli Hüseynov, Ruslan Nəsirov, Yalçın Abdullayev və Məhərrəm Rzayevlə görüşdüm. Əhvalları yaxşıdır, hamıya salamları var”.
Oxunub: 150