Vahid Məhərrəmli
Bu ilin 9 ayı ərzində ölkəyə heyvandarlıq məhsulları idxalı kəskin şəkildə artıb. Keçən ilin eyni dövrü ilə müqayisədə kəsim üçün nəzərdə tutulan diri heyvanların, ət, süd məhsullarının idxalı dəyər ifadəsində 35 faiz artmışdır. Belə ki, keçən ilin yanvar-sentyabr aylarında ölkəyə 123 milyon dollar dəyərində heyvandarlıq məhsulları gətirilmişdirsə, bu ilin eyni dövrü ərzində həmin qrupdan olan malların idxal dəyəri 185 milyon dollar təşkil etmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən bu il süd idxalı 69 faiz, kərə yağı idxalı 27 faiz, ət idxalı isə 91 faiz artmışdır. Ölkə əhalisinin alıcılıq qabiliyyətinin kəskin şəkildə aşağı düşdüyü bir vaxtda heyvandarlıq məhsullarının idxalının artması eyni adda məhsulların istehsalının azalması ilə əlaqədardır. Daxili istehsalın azalması nəticəsində heyvandarlıq məhsullarının topdan və pərakəndə satış qiymətləri 40-50 faiz bahalaşmışdır. Heyvandarlıq məhsullarının istehsalının azalmasına səbəb isə hakimiyyətin müdaxiləsi nəticəsində bu sahədə yaranmış problemlərdir.
Çox təəssüf ki, yem istehsalında ciddi problemlər var. Dövlət proqramına əsasən, qarışıq yem istehsalı 2 milyon tona çatdırılacağı deyilsə də, keçən il cəmi 12 min ton qüvvəli yem istehsal olunub. Ot istehsalı ilə bağlı rəsmi rəqəmlərdə göstəricilər yüksəlsə də, reallıqda geriləmə müşahidə edilir. Kifayyət qədər yem istehsal edilmədiyi üçün ölkədə ət, süd, yumurta istehsalını artırmaq mümkün olmur.
Ölkədə 2 milyon 800 min başa qədər mal-qara, 8 milyon 800 min baş xırdabuynuzlu heyvan var, amma bu qədər heyvanların fiziki durumunu və həmin heyvanlardan lazımı qədər məhsul əldə etmək üçün yetərincə yem istehsal olunmur. Digər tərəfdən, son 2-3 ildə 150 min hektardan artıq örüş sahəsini, təbii biçənək ərazilərini əkinə veriblər. Onsuz da ölkədə mövcud olan örüş sahələri, təbii biçənək əraziləri normadan 2 dəfə az idi.
Hakimiyyətin apardığı yarıtmaz siyasət nəticəsində heyvandarlıq məhsullarının istehsalı azalır, idxalı isə artır. Son 2 ildə 150 min hektar örüş və təbii biçənək ərazilərini əkinə verdilər, 20 min hektar çoxillik yem bitkisi (yonca) sahəsini ləğv etdirib yerində pambıq əkdirdilər. Nəticədə ümumi pambıq istehsalı nisbətən artsa da, heyvandarlıq məhsulları istehsalı kəskin şəkildə azaldı.
Qeyd etməliyəm ki, 2016-cı ilin 9 ayı ilə müqayisədə bu il pambıq ixracından əlavə 23 milyon dollar vəsait əldə olunduğu halda, eyni müddət ərzində heyvandarlıq məhsulları idxalı üçün əlavə 62 milyon dollar vəsait xərclənib. Yəni, pambıqdan gələn gəlirdən 2,7 dəfə çox heyvandarlıq məhsullarının idxalı üçün ölkədən valyuta çıxarılıb. Ümumilikdə isə bu il pambıq satışından ölkəyə 41 milyon dollar vəsait daxil olduğu halda, heyvandarlıq məhsulları idxalı üçün ölkədən 185 milyon dollar vəsait çıxarılmışdır.
Göründüyü kimi hakimiyyət pambıqçılıqda da nəyəsə nail ola bilmədi. Əldə olunan məhsulun keyfiyyəti aşağı, məhsuldarlıq isə son 6-7 ilin ən aşağı göstəricisi idi. İham Əliyevin “Biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik” deməsi isə onu düşünməyə əsas verir ki, hakimiyyətin məqsədi rəqabətqabiliyyətli məhsul istehsal etmək deyil, dövlət büdcəsindən daha çox vəsait xərcləməkdir.
Onu da qeyd etməliyəm ki, hakimiyyətin yüksək vəzifəli məmurlarının pambıq sevdası ciddi fəsadlar yaradıb. Avqust ayında ölkəyə gətirilən kərə yağının qiymətində ciddi artım olub. Bir kiloqram kərə yağının idxal dəyəri əvvəlki aya nisbətən 1,5 dollar, yəni 30 faiz bahalaşıb. Bu arada dünya bazarında pambığın qiyməti 20 faiz ucuzlaşıb. Hakimiyyətin uğursuz pambıq siyasətinin iflası qalsın bir yana, ölkənin ərzaq təhlükəsizliyində əhəmiyyətli payı olan heyvandarlıq sektoru sıradan çıxmaq üzrədir. Naşılar örüş, təbii biçənək, yonca sahələrini pambıq əkini üçün şumlatdılar, əvəzində heyvanların normal qidalanması üçün yem bazası yarada bilmədilər. Nəticədə heyvandarlıq məhsulları istehsalı kəskin şəkildə azaldı, idxal isə artdı. Bu səbəbdən də ət və ət məhsullarının, süd və süd məhsullarının qiyməti bahalaşıb və bahalaşmaqda davam edəcək.
P.S. Bu ilin 9 ayı ərzində pambıq idxalı da artıb. Belə ki, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində ölkəyə 3 milyon 424 min dollar dəyərində pambıq idxal olunmuşdursa, bu ilin eyni dövrü ərzində idxal olunan pambığın dəyəri 3 milyon 466 min dollar təşkil etmişdir.
Oxunub: 638