Siyasi məhbuslarla bağlı bütün qərarları ölkənin ən ali rəhbərliyi verir, o cümlədən onlara qarşı işgəncə sifarişlərini də…
“Azərbaycan hakimiyyəti günahsız adamları həbs eləməklə kifayətlənmir, istəyir ki, onları insanlıqdan da məhrum eləsin. Vicdan məhbuslarının cəzaçəkmə müəssisələrində normal yaşayış şərtlərindən də məhruç edilməsinin başqa adı yoxdur” , – özü də siyasi məhbus ailəsi olan (AXCP sədrinin müavini, vicdan məhbusu Fuad Qəhrəmanlının həyat yoldaşı-red.) yazar Zümrüd Yağmur bu gün Siyasi məhbus ailələrinin Koordinasiya Mərkəzinin toplantısında belə deyib.
Siyasi məhbus ailələri bu dəfə xüsusən dörd nəfər gənc vicdan məhbusları – Heydər Əliyevin heykəlinə “Qul bayramımız mübarək!” şüarı yazdığına görə 10 il azadlıqdan məhrum edilən Bayram Məmmədov və Qiyas İbrahimov, 2013-cü ildə əsgər ölümlərinə etiraz aksiyalarının təşkilinə görə 8 il həbs cəzası alan İlkin Rüstəmzadə və narkotiklə şərlənən daha bir gənc fəal Elgiz Qəhrəmanın həyatına təhlükə ilə əlaqədar bir araya gəliblər. Bu gənclərdən xüsusən Bayram Məmmədovun vəziyyəti lap acınacaqlıdır. 13 saylı cəzaçəkmə müəssisəsində qeyri-insani şəraitdə saxlanılan heykəl məhbusunun səhhətində ciddi problemlər yaranıb, böyrəklərində iltihablaşma prosesi başlayıb. Buna baxmayaraq, müəssisə rəhbərliyi onun normal yerə köçürülməsinə imkan vermir. Hərçənd, bir müddət öncə Bayramın müraciətinə müsbət cavab verilərək, saxlandığı yer dəyişilmişdi. Amma sonradan bə baş veribsə, müəssisə rəhbərliyi bunu heykəl məhbusunun özbaşına yerdəyişməsi kimi qələmə verərək, üstəlik, gənc fəalı on gün “kars”la cəzalandırıb. “Kars”dan sonra da həmin dözülməz yerə qaytarıb.
“Adamlara zülm eləmək ya rəisin hobbisidir, ya da sifariş…”
Zümrüd Yağmur deyir ki, hakimiyyətdə bu gənc vicdan məhbuslarına qarşı qisasçılıq var: “Elə bilirlər ki, bu gəncləri daha çox sıxmaqla, əzab verməklə onları sındıracaq. Halbuki, bu gənclər təkcə özlərinin yox, Azərbaycan gəncliyinin savaşını verir. Bu da iqtidarı narahat edir. Belə görünür ki, məsələn, heykəl məhbuslarına 10 il həbs cəzası vermək bu hakimiyyətə kifayət etməyib, qisasçılıq hissi onları rahat buraxmır. Qiyasa və atasına yenidən cinayət işi başlanması, Bayramın ətrafında baş verənlər də bunu sübut edir. Bayramla bağlı məsələdə iki versiya var – ya cəzaçəkmə müəssisəsinin rəhbərliyi bunu özbaşına edir, adamlara zülm eləmək onun hobbisidir, ya da yuxarıdan sifariş gəlib. Reaksiyalardan məlum olacaq ki, bu, özfəaliyyətdir, yoxsa yuxarıdan gələn sifarişdir”.
Qeyd edək ki, 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan digər vicdan məhbusları İlkin Rüstəmzadə və Elgiz Qəhrəman Bayrama qarşı baş verənlərlə əlaqədar aclıq aksiyası keçirmək qərarına gəlib. Lakin müəssisə rəhbərliyi buna imkan verməyib.
Z.Yağmur bu gənclərin ətrafında baş verənlər haqda beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçilərinə ətraflı məlumat verməyi təklif edib.
“Bayram dedi ki, “ana, burada vəziyyət fərqlidir”
Bayramın anası Sevinc Məmmədova toplantıya telefon vasitəsilə qatılıb. Bildirib ki, ovladının həyatına görə çox narahatdır. Ananın sözlərinə görə, hazırda Bayramın əsas problemi onun saxlandığı yerlə bağlıdır: “Qapının ağzında, ayaqyolunun yanında, külək tutan yerdə saxlayırlar onu. Nəticədə Bayram qısa müddətdə dəfələrlə xəstələnib. Mənə deməsə də, vəkilinə bildirib ki, böyrəkləri sıradan çıxır”.
Sevinc Məmmədova oğlu ilə oktyabrın 19-da cəzaçəkmə müəssisəsində görüşüb. Həmin gün eyni zamanda, Ombudsman Aparatının əməkdaşları da cəzaçəkmə müəssisəsində Bayrama baş çəkib. Gənc fəal anasına bu haqda məlumat versə də, Ombudsman Aparatının əməkdaşları ilə görüşün detallarını açıqlamayıb: “Nə qədər soruşsam da, baş verənlər haqda danışmaq istəmir. Deyir ki, “ana, buradakı vəziyyət çöldəkindən çox fərqlidir”. Mənim istədiyim övladımın sağlamlığıdır. Ona görə də xahiş edirəm, yer məsələsinə əncam çəksinlər, dəyişsinlər. Heç nə deməsə belə, mən üzünə baxanda görkəmindən görünürdü ki, vəziyyəti yaxşı deyil. Amma bizi narahat eləməmək üçün bu haqda danışmadı”.
“Yalandır, rəisin xəbəri olub”
Bayramın atası Fərman Məmmədov da toplantıda iştirak edib. O bildirib ki, oğlunun yerini özbaşına dəyişməsi haqda deyilənlər həqiqətə uyğun deyil. Bayramın çarpayısını dəyişməsindən cəzaçəkmə müəssisəsinin rəhbərliyi də məlumatlı olub: “Bayramın yeri bir ay idi dəyişmişdi. Hər çarpayının üstündə məhbusun nömrəsi, adı olur. Necə ola bilərdi ki, müəssisə rəhbərliyinin bundan xəbəri olmasın? Mümkün deyil axı…”
“Siyasi məhbuslarla bağlı sifariş ölkənin ən ali rəhbərliyindən gəlir”
Keçmiş siyasi məhbus, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeylallı deyir ki, cəzaçəkmə müəssisələrində siyasi məhbuslara qarşı baş verənlərin hamısı birbaşa “yuxarıdan” gələn sifariş əsasında həyata keçirilir: “Cəzaçəkmə müəssisələrində rəislərin siyasi məhbuslarla bağlı özfəaliyyəti olmur. Nəinki müəssisə rəhbərliyinin, hətta Penitensiar Xitmətin rəhbərliyinin, ədliyyə nazirinin də sifarişi olmur. Bu sifariş birbaşa ölkənin ən ali rəhbərliyindən gəlir”.
Həbs yerlərində siyasi məhbuslara qarşı işgəncə hallarından danışan Əvəz Zeynallı bugünlərdə 8 saylı cəzaçəkmə müəssisəsində siyasi məhbus, ölkədə insan haqlarının kütləvi şəkildə pozulmasına, prokurorluq orqanlarındakı qanunsuzluğa etiraz olaraq, Zərdab rayon prokurorluğunun müstəntiqi vəzifəsindən istefa vermiş, ardınca da həbs olunmuş Rüfət Səfərova qarşı baş verənləri yada salıb: “Rüfətin başını yerə qoyub, rəis müavini Azər Bağırzadə ayağı ilə əzib. Bu adamların şəkillərini tapıb yaymaq lazımdır ki, onların qohum-əqrəbaları belələrinin hansı yolla pul qazandığını görsün. Ümumiyyətlə, siyasi mıəhbuslarla Azərbaycan hakimiyyəti arasında aramsız savaş gedir. Türmələr bir yandan boşalır, o biri yandan dolur”.
Əvəz Zeynallı Bayrama qarşı baş verənlərə İlkin Rüstəmzadə və Elgiz Qəhrəmanın etirazını xatırladaraq, bunu siyasi məhbusların örnək davranışı adlandırıb.
“Edam kökmü olsaydı, hakimiyyət bu gəncləri öldürərdi”
İlkin Rüstəmzadənin anası Atlas Hüseynova da toplantı iştirakçıları arasında olub. Sosial şəbəkələrin bu cür məsələlərdə faydasından danışan vicdan məhbusunun anası deyir ki, sosial şəbəkələr kütlənin bu cür həbslərə münasibətini dəyişir, adamların ağla qaranı daha doğru seçməsinə yardım edir.
Atlas Hüseynova deyir ki, siyasi məhbuslara qarşı baş verən qanunsuzluqlarla bağlı cəmiyyətin etirazı kampaniya xarakterli olmamalıdır, davamlı olmalıdır: “Bu gün burada deyib danışmaqla işimizi bitmiş hesab eləməməliyik. Kimsə cinayət törədibsə, cəzasını çəkməlidir. Amma bu uşaqlar günahsızdılar. Onlar haqqı dediklərinə görə cəza çəkirlər. Bəlkə də edam hökmü olsaydı, hakimiyyət onları edam edərdi”.
Atlas Hüseynova deyir ki, hakimiyyət bu gəncləri “sındıra” bilmədiyinə görə onlara qarşı daha qəddar davranır: “ Niyə aqressivdilər bu gənclərə qarşı? Çünki istədiklərini ala bilmirlər. Beşinci ildir ki, İlkinə onun əqidəsinə zidd nəyisə qəbul elətdirə bilmədilər. İlkin rəisə deyib ki, mən gedib onun əvəzinə qapının ağzında yataram. Rəis deyib ki, xeyr, məhz Bayram yatmalıdır. Baş prokurorluğun müstəntiqi İbrahim Ləmbəranski evimizə axtarışa gələndə İlkinin mükafatlarını, təltiflərini görüb dedi ki, bu cür savadlı uşaqdır, ona niyə düzgün tərbiyə verməmisiz? Dedim ki, sözünüzü geri götürün, İlkin hansı tərbiyəsizlik eləyib? Bu adamın öz əqidəsi var və mən ona hörmət eləyirəm. Mən ona deyə bilmərəm ki, kar ol, lal ol…”
“Onların müalicəsinə etibar eləmək olmaz”
Vicdan məhbusu Qiyas İbrahimovun anası Şura Əmiraslanova təklif edib ki, Bayram Məmmədovun müalicəsi üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət olunsun: “Bayramın müalicəsini onlara etibar eləmək olmaz. Beynəlxalq Qırmızı Xaç Komitəsi razılaşdırsın, öz hesabımıza onu müalicə etdirək”.
Azadliq.info
Oxunub: 910