Mətbuatda və tarix kitablarında Azərbaycan legionu haqqında, Nasist Almaniyası ordusu sıralarında döyüşən azərbaycanlılar barəsində çox oxumuşuq. Nasist Almaniyasının müttəfiqi Yaponiya haqda nə bilirik bəs?
Yaponiyanın imperiya ambisiyaları Asiya ilə bağlı idi. Çindən tutmuş Hindistana qədər işğallarda iştirak etmiş Yaponiyanın Azərbaycanla bağlı planları da vardı.
Bakı neftinə gözünü dikmiş tək lider də Hitler deyildi. Yaponiyanın Cənubi Qafqazla bağlı planlarına gürcülərin, ermənilərin və azərbaycanlıların toplu üsyanını dəstəkləmək daxil idi.
1930-cu illərin ortalarında Türkiyəyə hərbi attaşe kimi təyin olunmuş leytenant Masatane Kanda yazırdı:
“…Azərbaycana gəldikdə isə, biz Xosrov bəy Sultanovu (Azərbaycan Demokratik Respublikasının keçmiş müharibə naziri) öz tərəfimizə çəkməyi bacarmışıq. Arzuolunandır ki, o İrana getsin.
Onun ordakı qohumları və keçmiş təbəələri ilə Sovet-İran sərhədində yaşasa da məncə o bizim üçün həqiqi bir iş görə bilər. Biz ona “Doktor Polad” kod adı vermişik.
İlkin planımız üçün İrandan Sovet ərazisinə göndərə biləcəyimiz 1000 nəfər silahlı qüvvə var. Sovet-Türkiyə sərhədində isə eynilə 1000 nəfər şimali qafqazlı qüvvə gözləyir. Hazırda bizim üçün ən yaxşı şans azərbaycanlılar vasitəsilə casus şəbəkələri qurmaqdır.”
1934-cü ilin fevralında, Yaponiyaya qayıtmazdan öncə Masatane Kanda kəşfiyyat üçün İraq, Suriya, Fələstin və Misirə səyahət edir. İngilislərin Birinci Dünya Müharibəsində Osmanlıya qarşı ərəblərdən istifadəsini əsas götürərək qeydlərinə bunu əlavə etmişdi:
“…Əgər biz Birinci Dünya Müharibəsində fələstinli ərəblərlə bağlı İngilis nümunəsini izləsək müvəffəqiyyətə çata bilərik. Azərbaycandakı türklər bu müsəlman qrupları içindəki ən yaxşılarıdır. Bu müsəlmanlar hətta ukraynalılardan da döyüşgəndir.”
1933-cü ildə Qacar İranına göndərilmiş yapon attaşe Masao Ueda isə daha qəribə məlumatlar verirdi:
“…Görünür ki, müsəlman qrupları əvəzində Azərbaycan türkləri arasında gizli faşist qrupları da var.”
Kandadan fərqli olaraq Ueda Bakıda olmuşdu. O Tokiodan Moskvaya, oradan isə dəmiryolu ilə Bakıya gəlmiş, gəmi ilə Tehrana çatmışdı.
Bütün bunlara baxmayaraq bu cəhdlərin hamısının qarşısı alınmış və bu qeydlərin hamısı Tokiodan əvvəl Moskvaya çatmışdı.
Takeyasu Tsuçihaşi 1937-ci ildə Parisdəki Yaponiyaya işləyən bir azərbaycanlı agentin sonradan əslində Sovet agenti olduğunun öyrənildiyini yazırdı.
Əslən Kumık olan Heydər Bammatov Parisdə “Qafqaz” qəzetini yayımlayanda əsas maliyyə mənbəyi Fransadakı Yaponiya səfirliyi idi.
Bu qəzetdə Xosrov bəy Sultanov və Xəlil bəy Xasməmmədov yazırdı. Ermənilər isə qrupa qoşulmaqdan imtina etmişdilər. Maraqlısı budur ki, Məmməd Əmin Rəsulzadə də bu qrupa qoşulmamışdı.
Stalinin Qafqazdakı xalqların çoxunu deportasiya etməsi, 1937-ci il repressiyaları yapon alim Hiroaki Kuromiyanın fikrincə məhz Masatane Kandanın yazılarının ələ keçməsi səbəbindən olmuşdu.
Britaniyalı şotland diplomat Fitzroy Maklean Bakıdan Lənkərana gedərkən yüzlərlə azərbaycanlının Mərkəzi Asiyaya deportasiyasına şəxsən şahid olmuşdu.
Bunun səbəbini soruşarkən ona “Krokodil” adlı karikatura jurnalında ingilislərin Hindistandakı deportasiyaları göstərilmişdi – “Eynisi burda olur, nə fərqi var ki?”
Cavid Ağa
Oxunub: 298