Avropa İttifaqının Şərq Tərəfdaşlığı düz bir ay sonra, noyabrın 24-də Brüsseldə keçiriləcək sammitində mühüm bəyannamə qəbul etməlidir.
Şərq Tərəfdaşlığı qrupuna 6 keçmiş sovet respublikası – Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan, Ermənistan və Belarus daxildir.
AzadlıqRadiosu bu mühüm sənədin layihəsi ilə tanış ola bilib.
Bəyannamə layihəsində deyilir ki, sammit iştirakçıları Avropa Qonşuluq siyasəti prinsiplərinə sadiq qaldıqlarını bir daha təsdiq edirlər.
Sənəddə bu da qeyd olunur ki, Şərq Tərəfdaşlığı qrupunun üzvləri Avropa İttifaqı ilə ümumi dəyərləri – demokratiya, insan haqları, hakimiyyətin hesabatlılığı və qanunun aliliyi kimi prinsipləri bölüşdüklərini bəyan edirlər.
Əsas etibarilə Avropa İttifaqı assosiasiya sazişlərini tam imzalamış Ukrayna, Gürcüstan və Moldovaya bu sammitdə bir sıra əlavə imtiyazların və hüquqların veriləcəyi gözlənilir.
Bununla belə bəyannamədə bilavasitə Azərbaycanla bağlı olan müddəalar da var.
Bəyannamənin 11-ci maddəsində deyilir ki, sammit iştirakçıları Avropa İttifaqı və Ermənistan arasında yeni hərtərəfli və təkmilləşdirilmiş tərəfdaşlıq sazişinin imzalanmasını, habelə Aİ və Azərbaycan arasında yeni iş çərçivəsinə dair davam edən danışıqları alqışlayırlar.
Bəyannamədə deyilir ki, Avropa İttifaqı Gürcüstan, Ukrayna və Moldova ilə assosiasiya sazişinin dərin və hərtərəfli ticarət sahələrində icrasına başlayacaq, lakin eyni zamanda Ermənistan, Azərbaycan və Belarusla ticarət və investisiya əlaqələrinin gücləndirilməsinə cəlbedici və realist vasitələrlə nail olmağa çalışacaq.
Bu ölkələrlə münasibətlərin beynəlxalq qanunlara uyğun şəkildə və ikitərəfli qaydada qurulacağı bildirilir.
Oxunub: 466