Ağıl, Məntiq, Təcrübə yoxsulluğundan əziyyət çəkən hakimiyyət özünü, eləcə də Azərbaycan cəmiyyətini olduqca dözülməz bir duruma gətirib. Siyasi komanda yalnız xəyallar üzərində dünyanın lider dövlətinin maketini qurur, təcavüzkar haystan üzərində ildə üç dəfə yaxınlaşan tarixi QƏLƏBƏSİ İLƏ Azərbaycan xalqını muştuluqlayır, ölkənin çox yaxın vaxtda işçi qıtlığından əziyyət çəkəcəyi narahatçılığının haray-həşirini qoparır və s. İqtidarın ölkə haqqında xarici KİV-lərdə yaratdığı təsəvvür nənələrin nəvələrə danışdıqları gecə nağıllarından başqa bir şey deyil.
Məmurların özlərini cəmiyyətdə aparma qaydalarına baxdıqda Azərbaycan insanı qorxunc bir nəticəyə gəlmiş olur ki, Konstitusiya və Qanunlar ölkə üçün artıq bir yükdü, heç lazım deyil və mənasızdı. Ölkədə Qanunlar əhəmiyyətini çoxdan itirib. Hakimiyyətin dövlətçilik təsəvvürsüzlüyü cəmiyyətdə Konstitusiyanın, demək olar, tamamən rədd edilməsi ilə nəticələnib.
Qanunlardan imtina çox milyonlu ölkə əhalisinin fəaliyyətinin bütün sahələrdə məhdudlaşdırılması ilə onların ağır bir həyat yaşamasına gətirib çıxarıb.
Qohum-quda-dost münasibətləri üzərində qurulan komandanın İdarəçilik elmi ilə tərs mütənasibliyi insanlara işləməmək “hüququ”, normal həyat “yaşamamaq” hüququ verib. Doğrudan, ölkədə soyuq, nəmişli oktyabr ayında 10 qəpiyə pambıq yığmaq “azadlığı” da var. Nə qədər ki, məmurlar Konstitusiyanı əvəz edəcək, idarəsizliklərindən diksinib bir hakimiyyət kimi özlərinə Xalqdan öncə “yox” deməyəcək, elə belə də olacaq.
Ən böyük faciə isə Azərbaycan Respublikasının dövlət kimi xarakterini dəyişməsi, nəzarətsiz bir vəziyyətə gətirilməsidir. Ölkədə hər bir şey şəxsiləşib. Yəni ölkə Xalq üçün deyil, şəxslər üçündür.
Konstitusiyası ölən Azərbaycan cəmiyyəti siyasi baxımdan özü boyda bir səhranı xatırladır. Qaçmağa gücü çatan hər bir kəs bu “səhradan” qaçıb canını qurtarmağa çalışır. Qaça bilməyənlərin isə yeganə bir məqsədi var. Aclıqdan və susuzluqdan ölməmək !
Ölkədə məhəllə düşüncəsi hakimdi. Yəqinsiz, külək belə əsərsə, gələcək nəsillər Azərbaycan adlı dövlətdə yox, KÖNÜLLÜ TAYFALAR İTTİFAQI adlı bir qurumda yaşayacaqlar.
Parlament isə susur! Azərbaycanın Respublika tarixindən bu günə qədər Parlament ölkə üçün həyati olan bir məsələdə belə Xalqa çağırış etməyib, Xalqı taleyinə sahib çıxmağa səsləməyib. Bu gün bir qisim deputatlar da var, bir gözüylə hakimiyyətə gülümsəyir, bir gözüylə də Xalqa !
Qanunverici fəaliyyət yox.
İcra fəaliyyəti yox.
Məhkəmə fəaliyyəti yox.
Görəsən, bunun nə olduğunu Qohum-quda-dost münasibətləri üzərində qurulan komanda başa düşür ?
Oxunub: 184