AXCP sədrinin həbsdə olan müavini Fuad Qəhrəmanlı 28 oktyabt mitinqi ilə bağlı çağırış edib:
“Əziz həmvətənlərim…
Təəssüf edirəm ki, bu ağır və çətin günləri sizinlə paylaşa bilmirəm. Həbsxana divarları 28 oktyabrda toplaşacağınız meydanla, sizinlə mənim aramda divarlar hörüb. Amma əmin olun ki, hər düyünlənən yumruq bizim də düyünlənən yumruğumuzdur. Hər deyilən söz həm də mənim və bu gün həbsdə olan digər mübarizə yoldaşlarımızın adından deyilmiş sayılır.
Bu gün bizlərin üzərinə çox ağır bir vəzifə düşmüşdür. Ölkədə baş verənlər, dövlətçiliyimizin təhlükədə olması və bütünlükdə Azərbaycanda baş verən hadisələr bizi daha da diqqətli, dönməz və mübarizə olmağa sövq etməlidir.
Bu bir siyasi savaş deyil artıq, bu həm də ideologiyaların savaşdır. Bizlər bu savaşda ancaq o zaman qalib ola bilərik ki, səmimi şəkildə öz ideallarımıza bağlı olaq.
Səmimiyyət və dönməzlik !Bizi qələbəyə götürəcək yol budur.
Əziz soydaşlarım, mübarizə yoldaşlarım!
Sizin hər birinizi əmin edərəm ki, həbsxana, dörd divarlar bizi qorxutmur. Zənn edirsiniz ki, həbs olunmaq, dustaq həyatı yaşamaq çox çətindir?! Çətindir, amma çıxılmazlıq və ya mübarizədən dönmək üçün əsas verəcək qədər çətin deyil. Hətta olmuş olsaydı belə, biz bütün çətinlikləri gözə alıb yolumuza davam etməliyik.
Dostlar, etdiklərimiz, olanlar, ödənən bədəllər inanın ki, qazanılacaq azadlığın yanında çox azdır və biz dünyanın bütün sivil xalqları kimi haqq etdiklərimiz geri almaq üçün hələ uzun və böyük mübarizə yolu keçməliyik. Bu yol çətindir. Bunu danmıram, amma inanın, bu əzab tükədən, əzən və yoran bir əzab deyil, böyüdən, qürurlandıran. əzmi artırıb insanın özünə olan sayğısını artıran bir əzabdır…
Dünyada bir çox xalqlar bu mübarizdən keçib. Həbslərdən, sürgünlərdən keçib… Biz də öz ölkəmizdə sürgündəyik və bu sürgün həyatına son vermək üçün əlimizi daşın altına qoymalıyıq. Bu gün doğulan körpənin. ümid edən gəncin, gözəl xəyallar quran övladlarımızın xatirinə biz bunu eməliyik.
Tarixin bütün dönəmlərində xeyir şərə qalib gəlib. Tarix sadəcə rəqəmlərin yığını deyil, tarix həm də insanlığın azadlıq savaşıdır və biz də nəhayət o tarixin səhifələrində özümüzə aid olanı edib o mücadiləni verməliyik.
Biz kənara çəkilub o mübarizəni daha başqa bir günə, zamana saxladıca tarix də, Tanrı da bizdən üz çevirmiş olacaq.
Çünki tarix güclü olanlardan yanadır.
Tanrı da gücü ədalətə, haqqa vermişdir”.
Oxunub: 248