Azərbaycanlı jurnalist, həbsdə olan Əfqan Muxtarlıya verilən “Pavel Şeremet jurnalist mükafatı-2017” onun həyat yoldaşı Leyla Mustafayevaya təqdim edilib.
Təqdimetmə mərasimi Tallində keçirilən Aİ “Şərq tərəfdaşlığı” proqramının vətəndaş cəmiyyəti konfransı çərçivəsində baş tutub.
Tədbirdə çıxış edən L.Mustafayeva deyib ki, Ə.Muxtarlının həbsi təkcə Azərbaycan üçün problem deyil.
“Onun oğurlanmasına və həbsinə görə “Şərq tərəfdaşlığı” proqramına daxil olan başqa bir ölkə – Gürcüstan da məsuliyyət daşıyır”, – o vurğulayıb.
Onun fikrincə, təkcə Ə.Muxtarlının yox, Azərbaycanda siyasi motivlərlə həbs olunmuş digər 16 nəfərin də azadlığa buraxılmasını tələb etmək lazımdır. Onların arasında 10-a yaxın jurnalist var. “Avropa öz iqtisadi maraqlarına görə Azərbaycanda insan hüquqlarının pozulmasına göz yummamalıdır”, – o qeyd edib.
Xatırladaq ki, iyulda Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu həbsdə olan azərbaycanlı jurnalist Əfqan Muxtarlını “Pavel Şeremet jurnalist mükafatı-2017″in qalibi elan edib.
Ə.Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidə oğurlanaraq Azərbaycana gətirilib. Ona qarşı CM-in üç maddəsi – 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhəddi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq) ilə ittiham irəli sürülüb.
Əfqan Muxtarlı ittihamları qəbul etməyərək həbsinin siyasi sifariş olduğunu bildirib.
Oxunub: 246