Vəkil Cavad Cavadov rəsmi statistik məlumatlara əsaslanaraq Azərbaycanda süni məhbus çoxluğunun yaradılması barədə yazıb. Yazını təqdim edirik:
Azərbaycan Respublikasında Penitensiar Xidmətinin cəza çəkmə müəssisəsilərində məhkumların zahiri çoxluğu bu araşdırmanın aparılmasına məni vadar etdi.
Ölkəmizdə ümumi məhbusların sayı 2016-cı il üçün 23 311 nəfər, bunların 3,1 % qadın məhbuslar təşkil edib. Həmin dövr üçün məhbus sayına görə Avropada 12-ci, əhalinin hər 100 000 nəfərinə (bu qədər əhaliyə 239 məhbus düşür) düşən məhbus sayına 5-ci yerdə olmuşuq. Keçmiş SSRİ-də məhbus sayına görə 7-ci, əhalinin hər 100 000 nəfər sayına görə 3-cü yerdə olmuşuq (mənbə http://www.prisonstudies.org).
Məhbusların sayı əsasən əhalinin hər 100 000 nəfərinə düşən indekslə ölçüldüyündən bu sahədə göstəricilərmiz “yüksək” hesab olunur.
Qardaş Türkiyə bu sahədə rekorda imza atıb yuxarıdakı indekslə məhbus sayına görə 2016-cı ildə Avropada Rusiya və Belorusdan sonra üçüncü yerə çıxmışdır.
Azərbaycanda 1993-cü ildə 10782 nəfər məhkum edilənlərdən 4158 nəfər (məhkum olunanların təqribən 38 faizi) azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunanların saylı bundan sonra artan xətlə davam etməyə başladı və artıq on ildən sonra 2003-cü ildə 12980 məhkum olunmuş şəxslərdən 6916 nəfər azadlıqdan məhrum etmə cəzasına, son olaraq ( statistik məlumatlar bəlli olan dövr üzrə) 2016-cı ildə 13758 nəfər məhkumdan 7908 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, yəni 57 faizi.
Ümumi məhkum olunanların sayında oğurluğa görə məhkum olunanların sayının artması diqqət çəkir. Bununla bağlı 2003-cü ildə 1144 nəfər bu növ cinayətə görə məhkum edilmişsə, 2016-cı ildə bu rəqəm 2388 nəfər təşkil etmişdir. Baxmayaraq ki, 06 may 2016-cı il tarixli Qanunla oğlurluq cinayətinin tərkibinin yaranması üçün vurulmuş zərərin məbləği 30 manatdan 100 manata qaldırılmışdır bu cinayətlərə görə məhkumların sayı yenədə artmışdır. Nəzərə alınsa ki, oğurluq latent cinayətlər (yəni statistik qeydiyyatından kənarda qalan cinayətlər) sırasında orta dərəcəli hesab olunur və rəsmi rəqəmlərdən 2 dəfə fərqlənə bilir, artıq həyəcan təbili çalınmalıdır. Bu yaxınlarda Milli Məclisə təqdim edilmiş qanun layihəsində oğurluğa görə zərərin aşağı həddi 500 manata (müəyyən istisnalarla) qaldırılması hardasa bu statistikanın qarşısını almağa hesablanmışdır.
Ölkədə real iqtisadi artım, dayanıqlı inkişaf və tərəqqi olduqda istər törədilən cinayətlərin sayı, istərsə də məhkum olunmuş şəxslərin sayı, həmçinin məhbusların sayı azalma xətti ilə getməlidir. Bizdə əks proses gedir.
Niderlandda 2014-cü ildə 14, 2016-cı ildə 5 həbsxana (cəza çəkmə müəssisəsi) bağlanmışdır. Hətta 2016-cı ilin sentyabr ayından türmələr boş qalmasın deyə Norveçdən 240 dustaq cəza çəkmək üçün Niderland həbsxanalarına yerləşdirmişdir. Niderland əhalinin hər 100 000 nəfərinə düşən məhbusların saylına görə (2016-cı ilin məlumatlarına əsasən hər 100 000 nəfərinə 59 nəfər düşür, bir daha müqayisə üçün Azərbycanda bu rəqəm 239 nəfərdi) Avropada 49-cu yerdə qərarlaşıb.
Qonşu Gürcüstanda Saakaşvili hakimiyyətə gəldikdən sonra ölkə parlamentinə təqdim etdiyi ilk qanunvericik aktlarından biri “plea bargain” (müdafiə tərəfinin ittiham tərəfi ilə anlaşması) institutunun tətbiqi ilə bağlı olmuşdur və uğurlu tətbiq etdikdən sonra azadlıqdan məhrum etmə növündə cəzaları ümumi məhkum olunanların sayında kəskin azalmışhdır. Gürcüstanın hazırkı prezidenti bu yaxınlarda verdiyi müsahibədə etiraf etmişdir ki, apardığı islahatlar nəticəsində Saakaşvili real olaraq korrupsiyanı yox edib və hazırda da fəaliyyət göstərən işlək dövlət institutları yaratmışdır.
Milli Məclisdə təqdim edilmiş Cinayət Məcəlləsinə 300-dək dəyişikliyi nəzərdə tutan qanun layihəsi qəbul olunduqdan sonra azadlıqdan məhrum etmə yerlərində çoxlu sayda məhkumların azad olunması gözlənilir və bu təbii ki, müsbət haldır. Amma yetərli deyil. Bunun üçün alternativ cəzaların tətbiqi və cəzadan azad olunma məsələsində sui-istifadəyə yol açan qanunvericilikdə olan hallar aradan qaldırılmalı, bir çox cinayətlər dekriminnalaşdırılmalı (misal üçün böhtan və təhqirə görə- 147, 148 maddələri; Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaga 168-1 maddəsi və s.), başqa maddələrin sanksiyaları daha da yüngülləşdirilməli, ən əsası vaxtından əvvəl şərti olaraq azad olunma institutu sadələşdirilmə və ən əsası qanunsuz cinayət məsuliyyətinə cəlb etmə hallarına son qoyulmalıdır. Təbii ki, bütün bunlar üçün siyasi iradə tələb olunur.
Oxunub: 416