“Heç şəxsiyyət vəsiqəmi də soruşmurlar. Bəlkə mən başqa adamam?”
“Nİda” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənlini müayinə üçün getdiyi xəstəxanadan hərbi polisə ordan da cəbhə bölgəsindəki korpuslardan birinə aparıblar. Bu haqda təşkilat məlumat yayıb. Məlumatda bildirilir:
“Ülvi Həsənli Hərbi komissarlıqda tibbi müayinədən keçən il sentyabrda və bu ilin əvvəlində keçib, revmatizm və böyrək problemlərinə (3 ədəd daş) görə 2019-cu ilədək möhləti vardı.
Oktyabrın əvvəlində evlərinə yenidən bildiriş gəldiyi üçün Hərbi Komissarlığa gedib, orada yenidən müayinəyə salıblar, ultrasəs müayinəsində böyrəyində daş və iltihab olduğu təsdiqlənib.
Ülvi Həsənliyə əlavə müayinələr təyin ediblər. Oktyabrın 25-də yenidən USM-dən keçəndə deyiblər böyrəyi sağlamdır.
Bu gün oktyabrın 26-da Hərbi Komissarlığın göndərişi ilə müayinə üçün getdiyi Kardiologiya xəstəxanasında (5 nömrəli xəstəxananın yanı) hərbi polis gəlib, onu aparıb komissarlığa. Komissarlıqda izahat yazdırdıqdan sonra hərbi polisə, ordan da cəbhə bölgəsindəki korpusa aparıblar.
Çağırış müddəti bitməyib, ona hərbi xidmətə aparılması barədə xəbərdarlıq edilməyib, evdəkilərlə vidalaşmaq və işlərini yoluna qoymaq imkanı verilməyib. Faktiki sağlamlığı hərbi xidmətə imkan verməyən adamı oğurlayıb, əsgər aparıblar.
Ulvi Həsənli, başıma bir iş gələrsə, cavabdeh hökumətdir, deyir. O, hərbi xidmətini, sağlamlığı imkan verəcəyi təqdirdə, qanuni şəkildə həyata keçirmək istəyir. Küçədən oğurlanaraq yox”.
Ülvi Hәsәnli başına gәlәnlә bağlı MeydanTV-yә bildirib ki, sonuncu dəfə 2016-cı ilin sentyabrında Gəncə şəhər Hərbi Komissarlığında yoxlamadan keçib və ona 3 illik möhlət hüququ verilib:
“Şiddətli revmatizmə görə, 2017-ci ildən hərbi xidmətə yararsız olduğum bildirilib. Kəpəz Rayon Hərbi Komissarlığından oktyabrın əvvəlində mənə zəng etdilər. “Səndən şikayət var, yenidən komissiyadan keçməlisən. Haqqındakı möhlət qərarı ləğv olunub”, – dedilər. Bundan sonra Hərbi Hospitalın komissiyasında yoxlamadan keçdim. Böyrəyimdə daş olduğu bildirildi. Sonradan eşitdim ki, Hərbi Hospitalda bunu mənə deyən həkim xanımı danlayıblar. Halbuki yay aylarında böyrək tutmam olmuşdu, böyrəyimdən daş düşmüşdü”.
Ülvi Həsənli deyir ki, 2 gün öncə, oktyabrın 24-də ondan Abdullayev adına Elmi-Təhqiqat Kardioloji İnstitutunda müayinədən keçməyi tələb ediblər. Ancaq böyrək problemi barədə heç nə deməyiblər:
“İnstitutda müayinədən keçsəm də, böyrəyimdəki problemi qeyd etmədilər. Mən həkimə bu barədə söyləsəm də, UZİ-dən keçirib heç bir problem olmadığını dedilər. Həkim buraya ürəklə bağlı göndərildiyimi söylədi. Dünən bütün günü Abdullayev adına Elmi-Təhqiqat Kardioloji İnstitutunda olmuşam”.
Ülvi Həsənli oktyabrın 26-da, səhər saat 12-də üç hərbçinin onu saxlayaraq, məcburi şəkildə Səfərbərlik Xidmətinə apardığını deyir:
“Orada 2017-ci ildə komissiyalardan necə keçməyim haqda izahat yazdırdılar. Bir-iki saat gözlətdilər. İdarədən çıxanda Gəncə Şəhər Hərbi Komissarlığının rəisi mənə “Bakı Hərbi Polisinə gedirik”, – dedi. 15-20 dəqiqə orda saxladıqları zaman mübahisə etdim ki, ailəm və dostlarım var. Məndən narahatdırlar. Bəlkə oğurlayıb, harasa aparırsınız. Bu insanları məlumatlandırmalıyam. Mənə Bərdə polisinə getdiyimizi dedilər”.
Ülvi Həsənli başına gələnlərlə bağlı artıq vəkilini məlumatlandırıb:
“Məsələ ondadır ki, heç bir yoxlamadan keçirmədən məni hərbi xidmətə aparırlar. Heç şəxsiyyət vəsiqəmi də soruşmurlar. Bəlkə mən başqa adamam?”
Ülvi Həsənlinin vəkili Elçin Sadıqov isə Meydan TV-yə deyib ki, qanunun tələbinə görə, heç kəsi fiziki zor tətbiq edib, öz iradəsi xaricində hərbi xidmətə apara bilməzlər. Şəxs növbəti dəfə hərbi xidmətdən yayınıbsa, barəsində cinayət işi aça bilərlər. Ancaq heç bir hal fiziki zor tətbiq etməklə hərbi xidmət keçməyə məcbur edə bilməz. Ülvi Həsənlinin 2019-cu ilədək möhlət hüququ var. Düşünürəm ki, bütün bunlar nəzərə alınmadan onun qanunsuz hərbi xidmətə aparılması son zamanlar NİDA-nın tədbirlərində fəal iştirakına görədir”.
Vəkil baş verən qanunsuzluqla bağlı müvafiq hüquqi addımlar atacaqlarını da bildirib.
Azadliq.info
Oxunub: 996