AXCP sədri Əli Kərimli mitinqdə iştiraka tərəddüd eənlərə ünvanlanan yazı paylaşıb. Yazıda o, etiraz mitinqlərinin olmayacağı təqdirdə hakimiyyətin nələrə gedəcəyini sadalayıb. AXCP sədri yazır:
28 oktyabr mitinqində iştirak edib-etməməklə bağlı hələ də tərəddüd edən həmvətənlərimə!
– Biz etiraz edib, korrupsionerleri durdurmasaq, onlar nəinki kredit faizlərini aşağı salmayacaqlar, əksinə kredit borcunu ödəyə bilməyənlərin həbsinə başlayacaqlar;
– Biz etiraz etməsək, qiymətlərin artımı daha da sürətlənəcək, Tarif Şurasından gecə “qara xəbərləri” ard-arda düzüləcək. İndi qorxudan vəd etdikləri maaş və pensiya artımından vaz keçəcəklər;
– Bizim dirənişimiz olmasa, vəd etdikləri kimi, pulsuz səhiyyə xidmətini rəsmən ləğv edəcəklər. Orta təhsili də pullu edəcəklər, test sistemini ləğv edib universitetlərə qəbulda bazar açacaqlar, universitetlərin təhsil haqqını daha da artıracaqlar;
– Biz meydanlarda güc göstərib, oğruları qorxuya salmasaq, bunlar əsgərlərimizin, zabitlərimizin, qazilərimizin, şəhid ailələrinin hesabına yenə də milyardlar oğurlayıb ofşor hesablara göndərəcəklər;
– Xalqı qorxudub durdura bildiklərini hiss etsələr, ürəklənəcəklər, cəzasızlıq daha da artacaq, yenə də “hər məmur oğlu maşınla bir piyada vursun!” kampaniyasına start verəcəklər, oğru və korrupsionerlər xalq üzərində növbəti qələbələrini qeyd edəcəklər. Növbəti ilin büdcəsində “təmir-tikinti işləri” adı altında nəzərdə tutulmuş 5 milyard manatı da oğurlayıb ofşor hesablara daşıyacaqlar;
Yenə sadalayımmı? Siz ki məndən də yaxşı bilirsiniz, mitinqə çıxmasaq, daha hansı neqativ nəticələr baş verəcək. Etiraz hərəkatına qoşulmasaq, həyatımızı dəyişmək üçün daha bir fürsəti itirmiş olarıq. Oğruları, azğın korrupsionerləri sevindirməyək! 28 oktyabrda saat 15:00-da hamılıqla “Məhsul” stadionuna – mitinq meydanına axışaq!
Oxunub: 726