Azərbaycanda pnevmoniya (sətəlcəm) çox geniş yayılıb. Buna səbəb kəskin respirator virus infeksiyalarının vaxtında və düzgün müalicə edilməməsidir”.
Bunu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru Natəvan Fərəcova Respublika Klinik Xəstəxanasında Ümumdünya Sətəlcəm Günü ilə bağlı keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycanda qadınlar arasında pnevmoniyanın yayılması narahatedici səviyyədə deyil: “Azərbaycanda hər 100 min uşaqdan 6-da bronxit və ocaqlı pnevmoniyaya rast gəlinir. Regionlarda paytaxt Bakı ilə müqayisədə xəstəliyin yayılması geniş vüsət alıb”.
O qeyd edib ki kəskin pnevmoniya ilə xəstələnmə dünya üzrə əhalinin hər min nəfərinin 10-13-də, 50 yaşdan yuxarı hər 1000 nəfərinin 17-də müşahidə olunur: “Kəskin pnevmoniya uşaqlarda, ahıl insanlarda daha ağır formada keçir. Xəstələnmə və ölüm göstəricisi qadınlara nisbətən kişilərdə daha çox müşahidə olunur. Bu da kişilərdə zərərli vərdişlərin üstünlük təşkil etməsi ilə əlaqədardır. Ölüm səbəbləri arasında kəskin pnevmoniya ürək-damar, onkoloji xəstəliklərdə, zədələrdən sonra 4-cü yerdə dayanır”.
Mütəxəssis pnevmoniyanın geniş yayılmasının iki səbəbini göstərib. Vaxtında müalicə üçün müraciət etməmək və düzgün müalicə aparmamaq. Maddi çətinliklər vətəndaşları həkimlərdən qaçmağa məcbur edir və bu da xəstəliyin daha şiddətlənməsinə səbəb olur. İzahatdan görünür ki, pnevmoniyanın düzgün müalicə edilməmə problemi var. Bu isə xəstəliyi düzgün müalicə edə biləcək həkimlərin olmamasının göstəricisidir.Belə çıxır ki, pnevmoniyanın ölümə səbəb olan xəstəliklər içərisində 4-cü yerə çıxmasının başlıca səbəbkarı hökumətdir.Məhz hökumətin vəzifəsi vətəndaşların yaxşı yaşayışını və ölkəni ixtisaslı həkim kadrları ilə təmin etməkdir.
Azadliq.info
Oxunub: 306